Ukrayna hadisələri Suriyanı unutdurdu - ŞƏRH
Razi Nurulla: “Rusiya Qərbi öz maraqlarına tabe etdirə bildi
28 Aprel 2014 16:48 SiyasətUkrayna hadisələri Suriyanı unutdurub. Artıq demək olar ki, diplomatik səylər də Ukrayna böhranının aradan qaldırılmasına yönəlib. Yaxın günlərdə isə bu böhranın çözüləcəyini gözləmək düzgün deyil. Əslində, Ukraynada Rusiyanın bu qədər inamla hərəkət etməsi və mövqeyini gücləndirməsi Suriya ilə sıx bağlıdır. Suriyada isə vəziyyət gərgin olaraq qalır. Hər gün Əsədin xalqına qarşı həyata keçirdiyi qətliam nəticəsində onlarla insan həyatını itirir, yüzlərlə suriyalı savaş qurbanına çevrilir.
"Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, politoloq Razi Nurulla hesab edir ki, Ukrayna hadisələrinin fonunda Suriyanın beynəlxalq diqqətdən kənarda qalmasında Rusiyanın da müstəsna xidmətləri oldu: "Daha dəqiq desək Rusiya Bəşər Əsəd rejiminin hakimiyyətdə qalmasını təmin edə bildi. 3 il ərzində Qərb Rusiyanı Bəşər Əsədin arxasından çəkilməyə razı sala bilmədi. Əksinə, Rusiya Bəşər Əsədin hakimiyyətdə qalmasını gücləndirən və Bəşər Əsədə "hörmət" qazandıran addımı da həyat keçirə bildi. Bu kimyəvi silahların beynəlxalq müşahidəçilərin nəzarəti altında Suriyadan çıxarılması və məhv edilməsi oldu. Bu addım Bəşər Əsədin konstruktiv təkliflərə və əməkdaşlığa hazır olduğunu da beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı. Belə demək olar ki, Rusiya Qərbi öz maraqlarına tabe etdirə bildi". Politoloqun sözlərinə görə, Suriyada başa verən bu hadisələrin fonunda Ukrayna böhranı da yetişməyə başlayırdı: "Nəticədə Suriyada əldə etdiyi uğurdan ruhlanan Putin SSRİ-ni bərpa etməyə qalxdı. Hazırda bütün dünyanın gözü qarşısında Suriyada insan qətliamı davam edir. İstər Bəşər Əsəd rejimi, istərsə də Suriya müxalifəti həm xalqının, həm də dünya ictimaiyyətinin gözündən düşüb. Ağır hesabı isə sadə suriyalılar ödəməkdədir. Artıq 160 mindən artıq insan öldürülüb və bundan sonra da nə qədər qurban veriləcəyini söyləmək çətindir". Razi Nurulla deyir ki, indiki vəziyyətdə dünya nəzərlərini Suriyaya yönəltməlidir: "Suriya ilə bağlı qəti və konkret planların qəbulu vacibdir. İstər humanitar, istər hərbi. Bəs bu planlar nə ola bilər? Birincisi, Qərb bütün təzyiqlərə və əks-reaksiyalara baxmayaraq hərbi yolla da olsa, Bəşər Əsədin devrilməsini həyata keçirə bilər. Amma, bu o demək deyil ki, birləşməyi bacarmayan, müxtəlif təriqətlərə səcdə edən, müxtəlif dini konfessiyalara malik və müxtəlif maraqlara xidmət edən Suriya müxalif qüvvələrinə Qərb kömək edir. Çünki, Bəşər Əsəd devrilərsə də Suriyanın xöşbəxt günə çıxacağına ümid azdır. Bu zaman, hakimiyyətin BMT-nin nəzarəti altında keçirilən və ümumxalq seçkilərdə qələbə qazanan şəxsə verilməsi zəruridir". Politoloqun sözlərinə görə, ikinci yol isə, Suriya müxalif qüvvələrinə dəstəyi tam dayandırmaq və Bəşər Əsədin hakimiyyətdə qalması şərtlərini onunla razılaşdırmaq ola bilər: "Bəlkə də, ikinci variant ən uğurlusudur. Bu zaman xarici dəstəksiz qalan müxalif qüvvələr də silahı yerə qoyar. Çünki, hər gün yüzlərlə ölən insanın qanı bütün dünya siyasətçilərinin vicdanındadır".
Süleyman İsmayılbəyli