Təbliğat kölələri, təsir qulları və məhv olunmuş cəmiyyət

Rusiya telekanallarının postsovet məkanında translyasiya olunduğu ölkələrin sayı azalmaqdadır. Azərbaycanla yanaşı, Litva, Latviya, Ukrayna və Gürcüstanda belə qərarlar qəbul olunub.

İlk baxışdan kimi məsələdir. Amma əslində isə əsla xırda məqam sayılmaz.
Rusiyadan tam asılı olan Ermənistan üçünsə həddən artıq ciddi, aktual və hətta taleyüklü nüansdır.
İş ondadır ki, postsovet məkanındakı bütün başqa ölkələrdən fərqli olaraq Ermənistan Rusiya telekanallarının olduqca ciddi təsiri altındadır. Rusiyanın federal televiziya kanalları heç bir maneə olmadan Ermənistanda translyasiya olunur. Həmin telekanallar isə sabiq Sovetlər Birliyi ölkələri ilə yanaşı, dünyanın digər dövlətlərində baş verən hadisələr barəsində yalanlara söykənən təbliğat və "informasiya"lar yayır. Üstəlik, həmin məlumatlar Ermənistandakı telekanallardakı informasiya proqramlarının dünya xəbərləri bölməsinin əsasını təşkil edən materiallardır.
Yəni ermənilər Rusiya telekanallarına baxmaqla yanaşı, dünyada baş verənləri məhz Moskvanın təqdimatında seyr edirlər. Bütün bunlar azmış kimi Ermənistandakı telekanalların tam əksəriyyəti Rusiya telekanallarının "məhsul"larını tərcümə edərək yenidən ölkə əhalisinə informasiya kimi verirlər.
Sonucda Ermənistanın orta statistik vətəndaşı Rusiyanın təbliğatının tam təsiri altına düşür və onun dünyagörüşünün formalaşmasında rəsmi Moskvanın geosiyasi orientirlərinə əsaslanan məqamlar ciddi yer tutur.
Nəticələr göz qabağındadır.
Ermənistan prezidenti Serj Sarkisyan deyəndə ki, əhalinin total əksəriyyəti ölkənin Gömrük Birliyinə qatılmasını dəstəkləyir - o, yalan danışmır.
Çünki ermənilər onillərdən bəri Rusiya telekanallarının "hipnoz" etdiyi fərdlər toplusuna çevrilib. Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyasının funksionerləri də "əbədi erməni-rus dostluğu"ndan danışanda qorxmur, çəkinmirlər.
Belə zombiləşmə nəticəsində Rusiya qarşısında ermənilərdə mütilik, qorxu və xof üzərində ləngər vuran "sevgi" formalaşıb.
Alternativ informasiya mənbəyi qismində internetin, peyk translyasiyalarının və kabel telekanallarının ümidinə qalan ermənilərin az qismi gerçək vəziyyətdən halidir. Ermənistanın ucqarlarında, əyalətlərində və elə lap rayon mərkəzlərində, qəsəbələrdəki sakinlərin çoxu təbii ki, nə sosial şəbəkələrdə siyasi aktiv şəxslərdir, nə də peyk antenləri vasitəsilə Qərb, yaxud da Türkiyə telekanallarına baxmırlar.
Onların əsas informasiya mənbələri Ermənistan və Rusiya telekanalları olduğundan təbii ki, illərdən bəri hər gün eşitdikləri sözlərin yalan olmadığına özlərini inandırmağa çalışırlar.
Uzun müddət peşəkar təbliğata məruz qalan insanın həqiqətin nə olduğunu anlaması üçün onun təhlil qabiliyyəti yüksək, analitik bacarığı kəskin olmalıdır.
Ermənistandakı orta statistik vətəndaş isə belə məcazlardan məhrumdur və ölkə əhalisinin çoxu telekanallarda gördüklərinin hamısının yalan olmadığını düşünür.
Ermənistan dövlət müstəqilliyi qazanandan bəri bu ölkənin vətəndaşları Rusiyadan savayı bir ölkəyə bələd olmadı. Ermənilərə dünyanı tanımaq imkanı verilmədiyindən onlar qarşılarında yalnız yerli və Rusiya telekanallarını görərək dünyaya, ətraf aləmə məhz televizorun ekranından boylandılar.
Onillərdir ki, Ermənistan vətəndaşına səhərdən axşamadək deyilir: "Rusiyadan savayı dostumuz və qardaşımız yoxdur. Rusiyadan başqa bütün ölkələr Ermənistanı əritməyə, yox etməyə, zəiflətməyə, sonra da məhv etməyə çalışırlar. Rusiya ermənilərin nicatı, hamisi, dayağı və xilaskarıdır".
Əvvəlcə Levon Ter-Petrosyan, sonra da Robert Köçəryan və Serj Sarkisyanın prezidentlikləri dönəmlərində ermənilərin ölkəni kütləvi şəkildə tərk edərək gündəlik çörək dalınca Rusiyaya qaçışlarının, fəlakət həddinə yüksələn mühacirətinin qarşısı alınmadı. Tam tərsinə, Yerevandakı hakimiyyət dairələrinə 25-45 yaş arasındakı insanların ölkəni tərk etmələri siyasi baxımdan sərf etdiyindən, iqtidarlar siyasi aktiv insanların narazılar kütləsinə çevrilərək hakimiyyətin dayaqlarını laxlatmasından və sonra da quldurların dəstəsini devirəcəyindən qorxaraq mühacirətə üstüörtülü, bəzən də aşkar şəkildə təkanlar verdilər.
Təki potensial təhlükəli kütlə Rusiyaya yollansın, orada miqrant və ya vətəndaş olsun. Belələrinin Ermənistanda qalan ailə üzvləri, qohumları və yaxınları vasitəsilə idarə olunması, sakit qalmalarının təminatı asandı. Axı Rusiyadakı erməni Ermənistandakı yaxınlarını düşündüyündən təbii ki, Yerevandakı iqtidara qarşı üsyançı, qiyamçı və ya devrimçi fəaliyyətdə olmayacaqdı.
Qorxu və ən başlıcası, təhlükəsizlik instinkti güclü məsələdir.
Ermənilər isə Rusiyaya yollanmaq imkanlarını əldə etsələr də, vətəndaş ləyaqəti və hüquqlarını, azadlığın nə olduğunu duymaq şansını, dünyadakı prosesləri adekvat dəyərləndirmək vasitələrini itirdilər.
Onlar yalançını faş etmək əvəzinə dost və düşmənin müəyyənləşdirilməsi, hami və xilaskarın axtarışı ilə məşğul oldular.
Yüz minlərlə erməni Rusiyaya işləməyə yollanaraq elə Rusiyadan asılı vəziyyətə düşdülər.
Rusiya Ermənistan üçün hami, ağa, sahib və xilaskar, ermənilər üçünsə çörək mənbəyinə çevrildi. Bütün bunların nəticəsində ermənilər Rusiya çörəyindən asılı vəziyyətə düşdülər, Ermənistanda cəmiyyət faktiki olaraq məhv oldu.
Yaşananlar Yerevandakı hakimiyyətlə bu mənhus, çirkin sistemin hamisi Rusiya arasındakı sövdələşmə idi.
Ermənistanın hakimiyyət dairələri üçün ölkədəki cəmiyyətin aktivliyinin məhv edilməsi insanlarla çox asanlıqla təbliğat manipulyasiyalarını reallaşdırmağa imkan verir.
Rusiya üçünsə Yerevandakı hakimiyyətin sədaqətindən və kölə mütiliyindən daha çox ölkə vətəndaşlarının loyallığı vacibdir.
Axı həmişə və hər yerdə asılı ölkənin hakimiyyəti etibarsız olub.
Ermənistandakı Serj Sarkisyan iqtidarı da günlərin birində situasiya dəyişərsə, bir an da düşünmədən ağasına xəyanət edəsidir.
Bu quldur iqtidar boynunu asanlıqla ələ verən deyil: Yerevandakı bandokratiya adamları pul saymağı və gəlir mənbələrini dəyərləndirməyi yaxşı bacarırlar.
Ona görə də Rusiya Ermənistandakı kütlənin təbliğat pressinqi altında saxlanmasında maraqlıdır.
Axı Sarkisyan hakimiyyətini zəncirdə saxlamaq hələ bütün ermənilərə təsir etmək demək deyil.
Rusiyadakı 2,5 milyon erməni də əslində yaşamlarının girovları, Moskvanın Cənubi Qafqazdakı maraqlarının əsirləridir.
Ermənistanda normal cəmiyyət formalaşmayınca bu köləlik davam edəcək.

 

Elçin Alıoğlu
Milli.Az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00