Babək kimdi: Qəhrəmanmı, kafirmi?
28 Aprel 2014 15:16 SiyasətGənc araşdırmaçı Ceyhun Bayramlının Babək Xürrəmi haqqında çıxan "Təhrif edilmiş tarxi:Babək və Xürrəmilər olduğu kimi" kitabı yenidən "Babək əslində kimdi" mövzusunda müzakirələrə yol açıb. Neçə gündü sosial şəbəkələrdə bu mövzu müzakirə olunur. Müəllifin mövqeyi bəllidir: Xürrəmilik islama qarşı çıxmış və daha çox yerli din təəssübkeşlərini birləşdirən hərəkat deyil. Babək müsəlmanlığı qəbul etmişdi, şiə məzhəbinə mənsub idi, onun davası İslama qarşı yox, Abbasilər xilafətinə qarşı idi. Əslində xürrəmilər hərəkatının xarakteri ilə bağlı səslənən bu fikirlər yeni deyil. Bundan öncə də Babəki milliləşdirmək istəyən müəlliflər onu islamla əlaqələndirməyə cəhd etmişlər. Babək və Xürrəmilər hərəkatının qatı islam düşməni olduğunu iddia edən müəlliflər də olub və indi də var. Babəkin müasiri olmuş ərəb müəllifləri birmənalı şəkildə Babəki sapıq, dinsiz, kafir, hətta insanlıq düşməni qəddar quldurbaşı kimi qələmə verirlər. Milliyyətcə ərəb olan saray müəlliflərinin bu yanaşması qəribə deyil. Onlar fərqli yazsaydılar, təəcüblü olardı. Ərəb saray müəllifləri təbii ki, xilafətin mövqeyindən yazacaqdılar. Bəhs olunan dövrdə Abbasilər (Bağdad xilafəti) hakimiyyətdə idi. Onlar hakimiyyəti əməvilərədn almışdılar. Qərb müəllifi Anre Massenin təsnifinə görə, 4 rəşidi xəlifə və Əməvilər dövründə dövləti ərəb xilafəti idisə, Abbasilər dövründə artıq Müsəlman imperiyası idi. Hakimiyyətdə nominal ərəb xəlifələri olsa da, bürokratiya fars məmurlarının, Ordu isə türk sərkərdələrinin əlində idi. Bu baxımdan bir sıra Osmanlı yönümlü müəlliflər hesab edir ki, Babək əslində xilafət ordularının başında gəlmiş türklərə qarşı savaşırdı. Paniranist şiə müəllifləri isə Babəkin "Həzrəti Əli tərəfdarı olub, sünni ərəblərə qarşı savaşdığını" iddia edirlər. Bəzi müasir müəlliflər (o cümlədən, tarixçi alim Nəsib Nəsibli) Babəkin və xürrəmiliyin "Azərbaycan tarixinə dəxli olmadığını" iddia edirlər. Bu iddiadan başlayaq. Xürəmilərin mərkəzi hazırkı Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Bəzz qalası idi. Babək 20 ildən çox hərəkatı, ərəblərə qarşı savaşan ordunu buradan (Azərbaycan ərazisindən) idarə edibsə, "xürrəmiliiyin Azərbaycan xalqına dəxli yoxdur" fikri ciddi görünə bilməz.
Babəkin şiə-cəfəri, Əli tərəfdarı, Əhli-beyt aşiqi kimi təqdim olunması da yalnız gülüş doğurur. Babək məzhəb adamı deyildi. Dövrün araşdırıcısı olan böyük alimlərin (Ziya Bünyadov və başqaları) yazdığı kimi Xürrəmilik kökünü ictimai bərabərlik davası aparan manilikdən alan sosial hərəkat idi. Xürrəmilər hərəkatına qədər Azərbaycan ərəblər tərəfindən çoxdan işğal olunmuşdu. Bir sıra dağlıq ərazilərin kompakt yaşayan əhalisindən başqa Azərbaycanın əksər əhalisi islamı qəbul etmişdi. Azərbaycanlılar artıq müsəlman adlar daşıyırdılar. Babəkin atası Abdulla, öz adı isə (bəzi mənbələrin iddiasına görə) Həsən idi. Belə olan halda Babəkin "islama qarşı çıxdığını" iddia etmək doğru yanaşma sayıla bilməz.
Babəkin məzhəb davası aparması isə tamamilə gülünc yanaşmadır. Xürrəmilər hərəkatının sosial təbiətinə dair sanballı araşdırmalar aparılıb. Aşkar sübut olunub ki, bu hərəkat əmlak bərabərliyi tərəfdarı idi. İslamın heç bir məzhəbində ictimai bərabərlik anlayışı yoxdu. İslam xüsusi mülkiyyəti, hətta insan üzərində mülkiyyəti tanıyır. Xürrəmilər hərəkatında ərəb işğalı nəticəsində var-yoxdan çıxmış feodallar, emalatxanaları dağılmış sənətkarlar, torpağını itirmiş kəndlilər də vardı. Müsəlmanlar da, islam düşmənləri də vardı. Ancaq Xürrəmilər hərəkatının özəyində azadlıqsevərlər, hürr yaşamaq istəyənlər dururdur! İslamı həzrəti Məhəmməd peyğəmbər gətirmiş, Şərq ölkələrinin xalqları da bu dini qəbul etmişdi. Ancaq heç bir yerdə yazılmamışdı ki, ərəblər qiyamətə qədər xalqlar üzərində hökmran olmalıdır, xalqın namusu ərəb məmurlarına, ordu sərkərdələrinə halal edilmişdir.
Tarix Xürrəmilər hərəkatına bənzər siyasi hadisələrlə doludur. Ancaq xürrəmilər hərəkatının azadlıq uğrunda savaşan xalqların, kütlələrin mübarizəsinə böyük təsiri olmuşdu.
Babək saray məddahı tarixçi üçün, bu gün vəhabiliyin, nurçuluğun əlində alətə çevrilmiş yazar üçün sapıq, kafir ola bilər. Ancaq dünyanın azadlıq sevər xalqları üçün o əqidəsini satmamış qəhrəmandır! Babək və xürrəmilik tək Azərbaycan hadisəsi deyil. Ərəb zülmünə qarşı savaşmış bütün xalqların bu hərəkatda payı var. Ancaq Babəkin vətəni Azərbaycan idi. Azərbaycan insanı üçün də vətəni işğal etməyə, namusumuza sataşmağa gəlmiş ərəb sərkərdəsi deyil, vətənin namusunu qorumuş Babək və onun qorxmaz sərkərdələri, əsgərləri daha əzizdir!
Elman Cəfərli