“Rusiya belə bir ağılsız addıma əl atmaz” - FİKİR

Üzeyir Cəfərov: “Amerika ona görə də sanksiyaların sərhədlərini genişləndirir və məsələnin tezliklə həllinə çalışır”

 "ABŞ və Rusiya arasındakı münasibətlərin hansısa ciddi nəticələrə səbəb olacağını düşünmürəm" - hərbi-ekspert Üzeyir Cəfərov "Olaylar"a açıqlamasında belə deyib. Ü.Cəfərov bildirdi ki, mövcud proseslərin tərəflər arasında toqquşmalara gətirib çıxaracağı inandırıcı deyil. Ekspertin sözlərinə görə, ABŞ Rusiyadan ən böyük narazılığı onun Ukrayna ilə əlaqədar tutduğu mövqe ilə əlaqədardır. Amerikanın Rusiyanı bu məsələdən çəkindirməyə çalışdığını deyən Üzeyir Cəfərov vurğuladı ki, hələlik isə Moskva imzaladığı sənədlərin şərtlərinə əməl etmir: "Ukraynanın Qərbində də gərginliyin artmasına çalışır. Moskvanın aqressiv tutumu dünya dövlətlərini narahat edir. Amerika ona görə də sanksiyaların sərhədlərini genişləndirir və məsələnin tezliklə həllinə çalışır. Sanksiyaların tətbiqinin genişləndirilməsi də bu məqsədlərə xidmət edir. Sanksiyaların artırılması Rusiyanı fəlakətlə üz-üzə qoyacaq. Lakin proseslərin axışının Rusiya və ABŞ arasında müharibə vəziyyətinə səbəb olacağı inandırıcı deyil". Silahlı qarşıdurma əsnasında hansı tərəfin üstün olacağı məsələsinə toxunan Üzeyir Cəfərov qeyd etdi ki, ABŞ və Rusiyanın güclü olmasını görmək üçün bu iki dövlət arasında müharibə olmalıdır. Ekspert bildirdi ki, hər iki dövlətin güclü nüvə silahı və hərbi potensialı var: "Əgər müharibə baş verərsə, hər iki dövlət bundan böyük maddi və mənəvi zərər çəkəcək. Həmin müharibənin dünya üçün də acı nəticələri olacaq. ABŞ və Rusiya dövlət başçılarının belə bir ağılsız addıma əl atacağına inanmıram". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00