“Merkelin ABŞ səfərindən sonra Rusiya iflic olacaq” - AÇIQLAMA

Elxan Mehdiyev: “Krımı ilhaq edəndən sonra rusların kompakt şəkildə yaşadığı digər Ukrayna ərazilərinə göz dikib”

 "Sülh və Münaqişələrin" həlli Mərkəzinin direktoru Elxan Mehdiyev ABŞ Prezidenti Barak Obamanın Rusiyaya Ukrayna probleminin həllinə dair Cenevrə razılaşmasının şərtlərini yerinə yetirməməsi ittihamını şərh edib. E.Mehdiyev qeyd edib ki, ABŞ Rusiyanın Cenevrədə əldə edilmiş 4 tərəfli razılaşmasının yerinə yetirməsini tələb edir. Lakin Ukraynada baş verən proseslərin Moskvanın həmin şərtlərə əməl etməyəcəyini göstərdiyini deyən Elxan Mehdiyevin sözlərinə görə, Amerikanın bunu açıq şəkildə bildirməsi sevindirici haldır. Politoloq hesab edir ki, Obamanın da bildirdiyi kimi ABŞ və Avropa İttifaqı bundan sonra Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edəcəklər: "Almaniya Kansleri Angela Merkelin ABŞ səfərindən sonra planın icrasına başlanacaq. Merkelin səfərilə Rusiya iqtisadiyyat və maliyyə sistemini iflic edən sanksiyalara əl atılacaq". E.Mehdiyev hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin hakimiyyətə qan tökməklə gəlib. Politoloqun sözlərinə görə, Çeçenistan üzərində genosid törədək iqtidarı ələ keçirib: "Qanuni çeçen hakimiyyətini devirərək, öz adamları ilə Çeçenistanda hökumət formalaşdırdı. Gürcüstan ərazilərini Rusiyaya anneksiya etdi. İndi də Krımı ilhaq edəndən sonra rusların kompakt şəkildə yaşadığı digər Ukrayna ərazilərinə göz dikib. Ölkənin şərq regionlarında Ukraynanın mərkəzi hakimiyyətindən asılı olmayan rejimlər formalaşdırır. Putin açıq şəkildə bildirir ki, Ukrayna hökuməti regiondakı seperatçı qüvvələri qarşı əl atarsa, bu ölkəyə hərbi müdaxilə edəcəklər. Rusiya bölgələrdə seperatçılara "yaşıl işıq" yandırıb. Məqsəd Şərqi Ukraynanı işğal etməkdir. Çox təhlükəli tendensiyadır. Çünki vəziyyət bu cür qalacaqsa, digər respublikaların suverenliyi məhdudlaşdırıla bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00