ADP “Təhsil haqqında” qanuna dəyişikliyi təqdir edir

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları Rusiyanın Ukraynaya yönəlik ilhaq və işğal siyasətinin dünya düzənində yaratdığı gərginliklərə bir daha  münasibət bildirib və hadisələrin normal məcraya düşməsi üçün başladılan Cenevrə danışıqlarının şərtlərinə riayət olunmasının vacibliyini diqqətə çatdırıb. İdarə Heyəti erməni lobbisinin təzyiqi ilə "erməni soyqırımı" məsələsinin ABŞ Senatında müzakirəyə çıxmasına baxmayaraq Konqresin yaxın iki ildə bu məsələni gündəmə çıxarmayacağı barədə qəbul etdiyi qərarı alqışlayıb və bu qərarın regionda sülhün və təhlükəsizliyin qorunmasında mühüm addım olduğunu qeyd edib. İdarə Heyəti son vaxtlar Azərbaycanda "beşinci kalon" deyilən rusiyapərəst qüvvələrin hərəkətə gətirilməsi, bir çox rəsmilərin Rusiya meyilli bəyanatlar səsləndirməsi, Rusiya səfirliyi vasitəsi ilə adı çəkilən ölkənin siyasətini dəstəkləyən qüvvələrə "Georgiyev lenti" verilməsi kimi anti milli davranışlardan ciddi narahat olduğunu bildirib. İdarə Heyəti  Milli Məclisin "Təhsil haqqında" qanuna dəyişikliklər etdiyindən dolayı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində, o cümlədən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyini təqdir edib, eyni zamanda az təminatlı ailələrin uşaqlarına da bu müddəanın tətbiq edilməsinin tərəfdarı kimi çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00