Bizim standart, “Paz” siyasəti və daha bir milli silahımız

Özümüzü silkələmək zamanı çoxdan çatmışdır!

 Hafiz Mirzə   

 www.hafizmirza.com

Deyiləndə ki, dünya siyasətində həqiqətə birmənalı münasibət yoxdur, xüsusən bizlərə qarşı ikili standart mövcuddur, onda siyasətin uşaq baxçasına gedən bəzi ağzıeybəcərlər bunu anlamadılar. İndi özləri bəyan edir ki, Azərbaycana münasibətdə heç demə lap üçlü standart  yeridilirmiş! Məsələn, Ukraynada gedən proseslərdə Avropa ölkələri şivən qopardır, üzünə cırmaq atır, hətta öz çoxulduzlu tumanlarını çıxardıb keçirdirlər başlarına! Bağırırlar ki, ay aman qoymayın, Rusiya Krım adlı torpaqları ilhaq edir və bu beynəlxalq normalara ziddir. Əslində, Rusiya heç olmasa özünün vaxtı ilə ərazisi olmuş,  daz Xruşşovun, lap sonralar isə pyaniskə Yeltsinin zamanında Ukraynaya verilən Krım adlı ərazisini özünə qaytarır. Krımı özü öz slavyan qardaşına vermişdi və orada özünün ən böyük hərbi donanması yerləşirdi. Krımın Qərb dövlətlərinin - NATO-nun nəzarəti altına keçməsi Rusiyanın Qara dənizdə və ümumilikdə Aralıq dənizində varlığını heçə endirəcəkdi. Rusiya bizim dostumuz olmasa da, onu başa düşmək olur. Amma o da bizi Qarabağ məsələsində başa düşməli idi deyə, biz də indi onu başa düşmək istəmirik. Ədalətə ikili standartla yanaşma dövrüdürsə, biz də ikili yanaşırıq və əcəb edirik!  Azərbaycanın ən qədim ərazilərindən  olan Qarabağ Rusiyanın 366-cı polku tərəfindən tutulub Ermənistana  veriləndə Qərbi Avropa siyasiləri hansı cəhənnəmdə idilər? Onda və indi də onlar "müdrikcəsinə" susur və ya ATƏT-in Minsk qrupunda bu məsələni acı bağırsaq kimi uzadırlar. Deyim ki, onların Azərbaycanda iqtisadi maraqları yoxdur - var, Ukraynadan daha çox axı! Azərbaycan onların hansı koalisiyasına yox deyib - heç birinə! Bəs səbəb nədir? Səbəb odur ki, biz mahiyyət etibarı ilə müsəlman, türk məmləkətiyik, Ukrayna isə xristian dövlətidir.  Bax, buna deyərlər ikili standart! Bu ikili standart məsələsi həyatımıza elə çöküb ki, halal məhsullar kriteriyasında da ikili standart yaranır. Bir var QMİ-nin Qazilər və ya Elmi Şurasının təyin etdiyi "halal" ifadəsi, bir də var İqtisadi İnkişaf Nazirliyinin verdiyi "Halallıq" sertifikatı. Əslində də adama bir az qəribə gəlir. Axı "halal-haram" ifadəsi sırf dini xarakter daşıyır. Şəriətimiz halalla haramı Qurani-Kərimə və risalələrə istinad edərək dəqiq müəyyən edir. Bəs İqtisadi İnkişaf Nazirliyi halal məhsulu hansı əsasla dəqiqləşdirir və necə sertifikat verir? Axı dövlətimiz dünyəvidir, teokratik deyil. Eləcə də Avropa Birliyi dövlətləri haqq-ədalət meyarını çoxdan itiriblər və indi durub kiminsə haqlı və ya haqsız olması barədə haray-həşir salanda adamı şit gülmək tutur. Bu yaxınlarda  Böyük Britaniya parlamentində  mühafizəkar deputat Devid Devis durub elə bunları bildirdi. Dedi ki, onlar Dağlıq Qarabağ məsələsinə Krım məsələsi qədər diqqət yetirməyiblər və bu heç kişiyanə hərəkət deyil. "Tembole" Azərbaycanda "BP"nin böyük neft maraqları var və ölkəsi bundan böyük fayda götürür. Ukraynadan nə fayda götürür ki? Ukrayna Avropa Birliyinə özü boyda problem gətirəcək. Sən ingilis olasan, belə ədalətin olsun! Baxdım ki, o çıxış edəndə salonda heç üç cüt-bir tək deputat yox idi. Nöşün ki, misterlərə belə həqiqətləri eşitmək sərf eləmir. Həqiqəti deyən gənc Devidin əynindəki kostyumun çiyinləri öz yerini tutduqca, o da dönüb o birilərin tayı olacaq. Hələlik isə Rusiya çarı I Putin də öz həqiqətini diktə etməkdədir. Adam Krıma məsələsinə görə Putinə haqq verməsə də, Qərbin qarşısına "tuz" qoyduğu üçün ona münasibətimiz də əslində birmənalı deyil. O qədər bizə qarşı haqsız olublar ki! Köpəy uşağı, indi qırın bir-birinizı! Bizim xalq  əslində həm fizika, həm də həndəsə elmində "Pazı pazla çıxardarlar!" nəzəriyyəsinin müəllifidir. İngilislərin özü olsaydı, indi buna görə 20 dəfə "Nobel mükafatı" alardılar. Amma bizə... ABŞ  Ukraynanı özəlləşdirmək yollarında ona mane olan rus çarı I Putini yerində oturtmaq üçün onun İsveçrə banklarındakı şəxsi hesabında toplanmış 40 milyard dollar vəsaiti donduracağı ilə bağlı hədə gəlmişdir. Yəni Putin adlı "pazı" "40 milyard dollar" adlı "paz"la sıradan çıxartmaq istəyir. Bunu başa düşdük. Amma Putinin cəmi 40 milyard dollar pulu olmasını heç ona yaraşdırmadıq. 15 ilə yaxın prezident, 5 il baş nazir və daha hansı yüksək vəzifələrdə olasan, hakimiyyətinin altında az qala dünyanın yarısı qədər ərazi ola, amma cəmi 40 milyard dollar pulun üzə çıxa! Bu ayrıca bir mövzudur. Məsələ burasındadır ki, İsveçrə bankları yüzillərdir özünün etibarlılığına görə dünyanın xəzinəsinə çevrilib və bütün dünya  ölkələri də bu ölkəyə toxunulmazlıq hüququ verib. İndi bə nə təhər olur ki, Putinin orada 40 milyard dollarının olması belə asanca faş edilir və təzyiq vasitəsinə çevrilir? Mən I Putinin yerinə olsaydım (Allah iraq eləsin!) həmən Ukraynadan əlimi götürüb, İsveçrənin başına bir qaPAZ salardım. QaPAZ sözünə fikir verirsinizmi? Bizdən başqa kimsə qapaz sözündə maraqlı deyil. Bunun hikmətini də biz bilirik. Çünki bu sözdə də bir "paz" ifadəsi var. Ancaq indi əsas diqqət İsveçrə banklarına yönəlməlidir! Bu sirri faş etdiyi üçün onu Beynəlxalq Məhkəməyə vermək olar. Əslində İsveçrə bankları yəhudi-masona məxsusdur, onun sirli və toxunulmaz olması ilə bağlı söhbətlər mifdən başqa bir şey deyil. Əks təqdirdə masonun dünyanı barmağa dolamaq siyasətinə qarşı çıxmış liderlər devrildikdən sonra onların oradakı milyardları dondurulmazdı. Tunis prezidenti Ben Əlinin, Misir prezidenti Hüsnü Mübarəkin və digərlərinin şəxsi vəsaiti nə üçün üzə çıxarılmalı və dondurulmalı idi?! Budurmu İsveçrə (Avropa) etimadı? 

Allahın nəzərləri altında heç kəs kimsədən artıq deyil. Bizim məhəllədə tumsatan Güldəstə arvadın yetimi Şiraslan ali təhsilli klub işçisidir. O boyda kəndimizin mədəni inkişafı gözünü Şiraslana, o isə gözünü  130 manat maaşa dikib. Şiraslan gərək 20 il işləyib, bu maaşın qara qəpiyinə də toxunmasın və onda cəmi 31.200 manat pul toplasın ki, bəlkə 45 yaşında evlənə bildi. Bunun adını halal əməkhaqqı qoyaq. Bu qədər halal zəhmət haqqı ilə Şiraslanın 20 ilə çönüb Pişik olacağına əminik.  Güldəstə arvadın yetimcəsinin evlənə bildikdən sonra necə dolanacağı ilə işim yox - onsuz da dolana bilməyəcək. Arzu edək ki, Güldəstə arvad 100 il yaşasın və yenə tum satmaqla onun ailəsini də saxlasın. Onların da kasıbçılığa qarşı "paz" nəzəriyyəsi bu "tum"dan ibarətdir. Onu da qeyd edim ki,  Şiraslan həyatını günəbaxan tumuna borclu olduğu üçün uşağının adını gərək  TUMurcuq qoysun. Amma o 100% əminik ki, oğlan olsa müğənniçələrimizi şərəfinə ya ya Samir qoyacaq, ya da Tolik, qız olarsa  Röya, Aygün, Ruhi və ya Pişik Günel! Buna heç kəsin  ağcaqanadın "priçeskası" qədər  şübhəsi olmasın.  Bu adları daşıyan müğənniçələr də bizim milli-mənəvi dəyərlərimizi, övladlarımızın ləyaqətini və hamımızın musiqi zövqünü sıradan  çıxartmaq üçün düşünülmüş "paz"lardır. Yenə qayıdım Güldəstə arvadın yetimçəsinə, Pişik (Şiraslan) 20 ilə yeməyib-içmədən, axşamlar anası ilə tum qovuraraq dolanmaqla pul toplasa, amma 45 yaşında onunla ailə qurmaq istəyən qız tapılmasa, onda o bu qədər   pulu aparıb İsveçrə bankına qoyarmı?  Yox, qoymaz, çünki buna ürəyi gəlməz! Bu onun halal zəhməthaqqıdır axı! İsveçrə banklarına heç vaxt halal pullar toplanmaz! Putinin pulları üzə çıxdıqdan sonra bizim pullu oğlanlar heç haram pullarını da aparıb xarici banklara həvalə etməzlər. Nöşünki, ağıllıdırlar! Amma bizimkilər haram pulları verib şadlıq sarayları tikdirirlər! Sonra da millət bu şadlıq saraylarında halal qazanclarını verib övlad toyu edir, Allahdan xeyir-dua diləyir. Murdar qabda təmiz xörək yeyilərmi? Eləcə də haram pullar hesabına  tikilmiş bir yerdə Allah kəlamları müstəcəb olmaz. Üstəlik, biləndə ki, İsveçrə bankları krediti 15% -lə verir, dividenti isə ilə vur-tut  5% -lə qaytarır, onda  bizim Şiraslanın tərbiyəsi yol verən qədər mədəni bir söyüşü şəxsən Bankın rəhbərliyinin  e-mail poçtuna göndərməsi təbiidir, haqlıdır.

Söyüş bizim bütün növ haqsızlıqlara milli etiraz formamızdır. Etiraz etmək insan övladının ictimai haqsızlıqlara qarşı çıxmaq qüdrətidir. Yəni  hər bir kəs onun mənafeyinə vurulan "pazları" çıxartmaq, rədd eləmək üçün özü də bir "paz" vurmalıdır.  Bundan ötrü dünyanın etiraz tarixi müxtəlif formalar görüb. Etirazçılıq qarşı tərəfi daşla vurub öldürməkdən ( Adəm övladları Habil və Qabil) tutmuş, ta qiyam, üsyan, inqilab, çevriliş, müharibə, həcv, şeir, nəsr, publisistika, mitinq, tətil, yürüş, piketə qədər  çox böyük inkişaf yolu keçmişdir. Amma bütün bunlar daha effekt vermir. Son illər sosial şəbəkələrdə deyinmək də və ya insanları tovlayıb küçələrə çıxartmaq da bir növ etiraz formasıdır. Sanksiya da "paz"ın yeni formasıdır. Amma maraqlı forma deyil. Vaxtı ilə hind xalqının lideri Mahatma Qandi gönü qalın olan qəsbkara etiraz əlaməti olaraq susmaq formasını seçmişdi. Sifətinə nifrətlə baxmaqla və ya ellikcə meydanda oturaraq  susmaqla hindlilər ingilis qəsbkarlarının atasını yandırırdılar.

Bizim xalqın da dinc durmaqla heç arası yoxdur. Təbii ki, biz də "siyasətşünaslıqa"  elminə və tarixinə öz töhfəmizi verməli idik və verdik də. Söyüş bizim ən kəsərli etiraz növümüzdür! Bu elə bir siyasi formadır  ki, dinsizi də dilləndirər, imansızı da. Ruslar  söyüşü tərif kimi qəbul edirlər. Lap prezidentinə də sözarası ana söyüşü ver və ya bəzi üzdəniraq qadınların qəbeh işlər  görməklə qazandıqları məlum adı işlət, veclərinə gəlməz, əksinə, səni adamayovuşan və "svoyski" oğlan hesab edərlər. Yapon xalqı bu sahədə tamam mağmın gündədir. Orada yalnız balıqçı gəmilərində çalışan yaponlar söyüş söyür ki, bu da rusca olur. Amma bizimkilər!.. Bakıda indilərdə çoxmərtəbəli binalar tikilməyə başlansa da, bizimkilərin söyüş vermək qabiliyyəti minilliklərə söykənir və onun çoxmərtəbəli formaları daha populyardır.  Söyüş təkcə etiraz yox, həm də ucu möhkəm itilənmiş "paz"dır! Bizim  milli söyüşlər şeytanın özünü də hövsələdən çıxardar. Bir dəfə söyülən şeytan çalışar ki, bir daha söyülməsin. Xüsusən də bu söyüş kollektiv şəkildə olanda daha güclü olur. Məsələn, futbol matçları zamanı haqsızlıq edən, yerli komandaya qarşı qəsdən ədalətsiz qərar çıxardan hakimlər üçün stadion dolusu azarkeş hamılıqla bir məlum söyüşü bağırır! Düzdür, həmin sözü Hollandiyada o da qalmışdı kollektiv şəkildə kiminsə ünvanına səsləndirsən hərif bundan nəinki əndişələnməz, hətta fəxr edər, sevinər, şellənər. Bizdə isə qan düşər! Ümumiyyətlə, təkcə müsəlmanlar deyil, Qafqazda biqeyrət ermənilər də söyüş yeməyi heç xoşlamazlar. Qorxmayasan ATƏT-in Minsk qrupundan, yığışasan təmas xəttinə və başlayasan üzü ermənilərə tərəf kollektiv söyüşlər yağdırmağa!  Söyüş silahdan daha kəsərlidir! Minlərlə vətənpərvər insanın sadə söyüşlərdən tutmuş çoxmərtəbəli söyüşlərə qədər  kollektiv söyüşlər verməsi dünya tarixində analoqu olmayan etiraz aksiyası sayılar.  Əntiqə söyüş makinası qurmaq və cəbhə xəttində istifadə etmək olar. Döyüş vaxtı ratsiyalarda və ya səsgücləndiricilər qurmaq vasitəsilə düşmənin komandanlığını, komandirlərini və əsgərlərini elə erməni dilində o ki var söy! Bu hal düşmən əsgərlərini sarsıdacaq, əsəbiləşdirəcək və onlar ciddi səhvlər buraxacaqlar. Kafedə, barda ağzı köpüklənə-köpüklənə söyüş söyən və ya bir kəlmə söyüşə görə qonşunu bıçaqlayan, amma əsgər silahından və əsgərlikdən qorxan bəzi  gənclər heç olmasa Vətən qarşısında borclarını belə məqamlarda yerinə yetirə bilərlər. Amma bir sıra internet forumlarında bizim bəzi gənclər ermənilərlə çox nəzakətlə yazışmağa, özlərini "kulturnı" aparmağa, guya bununla başqalarına bizim xalqın necə mədəni olduğunu isbata yetirməyə çalışırlar. Biz çox mədəni olduq axı, nəticədə erməni gəlib torpaqlarımızı qəsb elədi. Təəssüf ki, əlimizdə gül kimi milli siyasi vasitələrimiz və strategiyamız olduğu halda biz abrımıza bükülüb bundan səmərəli istifadə etmirik. Məsələn, bizə qarşı ikili standartla münasibət bildirilirsə, biz də onlara qarşı ikili standart tədbiq edək. Sübut edək ki, erməni-qriqorian kilsəsi əslində xristianlığın vəhabiliyi kimi bir şeydir. Bakıda bir katolik kilsəsi tikək, öz adamlarımızın əlinə keçirdək və başlayaq katolikizmi içindən dağıtmağa. Rusiyanı yerində oturtmaq üçün təcili olaraq Dərbəndi tələb etmək və oradakıları ayağa qaldırmaq lazımdır. Onda ruslar qələt edib Qarabağ məsələsində erməniləri müdafiə etməz. Və ya Gürcüstan azərbaycanlılarının və gürcülərinin əli ilə Ermənistandan torpaq iddiaları irəli sürmək olar. Həm də sözdə yox, əməldə! Rusiya Dağlıq Qarabağda döyüşürsə və ya döyüşəcəksə, bizimkilər də Çeçenistanda döyüşməli idi və döyüşməlidir! Eləcə də nurçuluğa cavab olaraq "Həzrəti" Sabir adlı parapsixoloqu Pensilvaniyaya göndərmək lazım idi ki, özünü orada peyğəmbər elan etsin. Onların incəsənətində, ədəbiyyatında da rəxnə yaratmaq olardı. Erməni ölüm yatağında ikən İslam dinini qəbul edir ki, qoy öləndə deməsinlər erməni öldü, desinlər müsəlman öldü!

Düşmənə qarşı hər cür vasitə məqbuldur! Biz burada ikisindən söz açdıq! Amma cəmi heç də iki növ deyil! Axtarsaq çox taparıq. İstifadə etmək istəsək!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00