“”Georgiyev lenti”nin paylanması Azərbaycana qarşı təxribatdır”
Elçin Mirzəbəyli: “Aqressiyaya köklənmiş Rusiyanın davranışlarının qarşısında ciddi addımlar atılmasa, post-sovet məkanı və Avropa İttifaqı üçün problemlər yaradacaq”
21 Aprel 2014 17:14 SiyasətPaytaxt Bakıda II Yekatrinanın təsis etdiyi imperiya simvolu "Georgiyev lenti" paylanılır. "Rusiyanın gələcək qələbələrinin" rəmzi hesab edilən lentin bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən paylanıldığı iddia olunur. Məsələyə münasibət bildirən BAXCP-ın beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli hesab edir ki, lentlərin paylanılması müxtəlif qrupların təxribatı ola bilər. E.Mirzəbəyli bildirdi ki, Azərbaycanın müvafiq strukturları bu məsələyə öz münasibətini bildirəcəklər. Son günlərdə maraqlı qüvvələrin ayrı-ayrı müstəvidə Azərbaycanda Rusiya ilə bağlı müəyyən təxribatlar aparmağa cəhd göstərdiklərini deyən BAXCP rəsmisinin sözlərinə görə, belə cəhdlərin bundan sonra da olması mümkündür: "Sosial şəbəkə və internet portallarında da oxşar təxribatlar aparılır. Azərbaycanın "yeni media" adlanan, mətbuatdan xəbəri olmayan saytları da bu təxribatların tərkib hissəsinə çevrilirlər. Məsələyə ciddi şəkildə münasinət bəslənilməlidir, istənilən təxribatın qarşısı sərt addımlarla alınmalıdır". Elçin Mirzəbəyli "Azərbaycan üçün Rusiya təhlükəsi varmı" sualına bu cür cavab verdi: "Azərbaycan üçün Rusiya təhlükəsi həmişə olub. Digər post-sovet, yaxın ətrafı və hətta Avropa ölkələri üçün də real Rusiya təhlükəsi var. Aqressiyaya köklənmiş Rusiyanın davranışlarının qarşısında ciddi addımlar atılmasa, post-sovet məkanı və Avropa İttifaqı üçün problemlər yaradacaq. Azərbaycanda da bəzi qruplaşmaların apardıqları təbliğat da kökündən səhvdir. Azərbaycan kifayət qədər ciddi dövlət strukturları, ordusu, özünün müdafiə gücü olan müstəqil ölkədir. Azərbaycan vətəndaşları da öz ölkələrinin müstəqilliyi üçün canlarından keçməyə hazırdırlar. İndiki situasiyada Rusiyanın həddindən artıq aqressiv siyasət yürüdəcəyi, absurd iddialarının reallaşdırılması istiqamətində səy göstərməsi inandırıcı deyil. Təxribat xarakterli məlumatların haradan yayıldığını axtarıb tapmaq lazımdır. Burada müxtəlif qüvvələr maraqlı ola bilərlər. Ermənistanın özü də bu məsələdə çox maraqlıdır. İndiki şəraitdə yayılan məlumatlar ciddi araşdırma və yanaşma tələb edir. Boşboğaz məlumatlara isə ciddi münasibətin bəslənilməməsinin tərəfdarıyam. Azərbaycanda siyasi prosesləri dəyərləndirməyi bacarmayan, ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən siyasi mütəxəssislər var ki, absurd və əhalidə xof yaratmaq məqsədilə bəyanatlar səsləndirirlər. Media bu məsələyə xüsusi diqqət yertirməlidir. Azərbaycanın dövlət, milli maraqları üçün informasiya təhlükəsizliyimizi təmin etməliyik". ("OLAYLAR" İA)