“Bakını işğal etmək Rusiyaya xeyir gətirməyəcək” - POLİTOLOQ
Vəfa Quluzadə: “Vəziyyətin hansı yerə gəlib çıxacağı Ukraynada baş verən proseslərin son nəticəsindən asılıdır”
21 Aprel 2014 15:20 SiyasətRusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər may ayında Xəzər dənizində hərbi təlimlər keçirəcəyi adı altında hərəkətə keçiblər. Rusiyalı siyasi mütəxissislər hesab edirlər ki, Rusiya bununla Bakını işğal etməyi planlaşdırır. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə yayılan məlumatları həqiqət hesab etmur. V.Quluzadə bildirdi ki, Rusiya Bakını işğal etməyə hazırlaşmır. Politoloq hesab edir ki, Bakını işğal etmək Rusiyaya heç bir xeyir gətirməyəcək. Azərbaycanın Rusiya ilə müharibə aparmadığını deyən Vəfa Quluzadənin sözlərinə görə, iki ölkə arasındakı əlaqələr normaldır: "Azərbaycan NATO-ya üzv olmur, bu Rusiyanı bir qədər sakitləşdirir. Belə vəziyyətdə Rusiyanın Azərbaycana hücum etməyə hazırlaşmasını düşünmək gülüş doğurur. Mümkün deyil. Lakin Rusiya Azərbaycan üçün təhlükəlidir. Azərbaycan müstəqil şəkildə inkişaf edir, Moskva isə SSRİ-ni yenidən bərpa etmək istəyir. Lakin Kreml Ukrayna ssenarisini digər ölkələr üzərində tətbiq etmək niyyətindən uzaqdır. Rusiya keçmiş sovet respublikalarını müxtəlif siyasi və iqtisadi layihələrə üzv etməklə planını həyata keçirməyə çalışacaq. Rusiya bunun üçün MDB-ni işlək vəziyyətə gətirə bilər. Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi üçün Azərbaycan KTMT-yə üzv olmaq istəmir. Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edib Azərbaycanı öz orbitinə çəkməyi də nəzərdən keçirə bilər. Rusiyanın əlində Azərbaycana təsir etmək üçün müxtəlif təsir rıçaqlarından istifadə etmək barədə düşünməsi mümkündür. Ona görə də açıq şəkildə bu ölkəyə qoşun yeritmək Rusiyaya baha başa gələcək. Digər tərəfdən Moskva Ukrayna probleminin nə ilə nəticələnəcəyini bilmir. Ukrayna problemi həll edilmədən Rusiyanın digər ölkələrə yönəlik addımlar atacağı inandırıcı deyil". Vəfa Quluzadə hsab edir ki, Qərb Azərbaycanın enerji resurslarından Rusiyaya təsir vasitəsi kimi istifadə edə bilər. Rusiya ilə müqayisədə Azərbaycanın enerji resurslarının bir qədər az olduğunu deyən V.Quluzadənin sözlərinə görə, Azərbaycan bütün bunları nəzərə alaraq baş verən siyasi proseslər fonunda qərar qəbul edəcək: "Ümumiyyətlə vəziyyətin hansı yerə gəlib çıxacağı Ukraynada baş verən proseslərin son nəticəsindən asılıdır. Ukraynada proseslər hələ yeni başlayıb. Qarşıdurmalar artıq isti mərhələsinə keçir. Silahlar istifadə edilir. Vətəndaş müharibəsi təhlükəsi yaranıb. Məsələ vətəndaş müharibəsinə keçsə, vəziyyət heç də yaxşı olmayacaq". ("OLAYLAR" İA)