Azərbaycan və Mərkəzi Asiya dövlətləri regionun təhlükəsizliyinə misilsiz töhfələr verirlər-Özəl

"Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq və geostrateji tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Tarixi, mədəni və mənəvi köklərlə bir-birinə sıx bağlı olan Azərbaycan və Mərkəzi Asiya dövlətləri bu gün öz münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək, regionun dayanıqlı inkişafına və təhlükəsizliyinə misilsiz töhfələr verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki proqram xarakterli çıxışı bu çoxşaxəli tərəfdaşlığın strateji xəritəsini bir daha aydın şəkildə nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib:
"Ötən ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü seçilməsi tarixi bir addımdır. Bu mühüm qərarın yekdilliklə dəstəklənməsi dövlətlərimiz arasındakı sarsılmaz ehtimadın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Xüsusilə belə bir təşəbbüslə çıxış edən Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun rolu xüsusi vurğulanmalıdır. Avazada təməli qoyulan bu təşəbbüs bu gün regionlararası inteqrasiyanın hərəkətverici qüvvəsinə çevrilmişdir. Azərbaycanın bu formata tamhüquqlu üzvlüyü Xəzəryanı və Mərkəzi Asiya regionunun vahid geostrateji və iqtisadi məkan kimi formalaşmasını sürətləndirir. Ötən ildən başlayaraq Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə 5 səfərin həyata keçirilməsi siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri gücləndirmək əzmimizi aydın göstərir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişqrafikli bərpa və quruculuq işlərində Mərkəzi Asiyadakı qardaş dövlətlərin göstərdiyi dəstək xalqlarımız arasındakı mənəvi yaxınlığın ən ali təzahürüdür. Bunun timsalında Türkmənistanın dəstəyi ilə Füzuli şəhərində möhtəşəm məscidin tikintisi, Özbəkistanın dəstəyi ilə Mirzə Uluqbəy adına məktəbin inşası, Qazaxıstanın dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi, Qırğızıstanın dəstəyi ilə Ağdam rayonunda Manas adına məktəbin inşası qardaş ölkələrin xalqımıza dəyərli hədiyyəsidir. Bu layihələr təkcə infrastruktur dəstəyi deyil, eyni zamanda sarsılmaz dostluq və mənəvi birliyin əbədi rəmzləridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31