Tehranın "qırmızı xətləri" silinir: İran TRIPP layihəsi ilə barışır? – ÖZƏL
14:56 Siyasətİranın Zəngəzur dəhlizi və TRIPP layihəsinə münasibətində yumşalma müşahidə olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Tehran layihə ətrafında ajiotaj üçün əsas görmür və İrəvanın layihənin həyata keçirilməsi ilə bağlı nümayiş etdirdiyi şəffaflıqdan razıdır. Bu açıqlama fonunda İranın uzun müddət Zəngəzur dəhlizi və TRIPP layihəsinə qarşı sərt mövqedə olması və "qırmızı xətlər"dən danışması diqqət çəkir.
Bəs son zamanlar İranın bu layihəyə münasibətində mümkün yumşalmanın səbəbləri nədir?
"İranın bu layihəyə münasibətinin yumşalması gözlənilən idi. Çünki Ermənistan tərəfi də layihədə maraqlıdır və Amerika Birləşmiş Ştatları ilə Vaşinqtonda bu barədə razılıq əldə edib. Belə olan halda, Ermənistanın TRIPP layihəsinə müsbət yanaşdığı bir vaxtda İranın əks mövqe nümayiş etdirməsi, əlbəttə ki, tamamilə mənasız görünürdü".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri zamanı bu məsələ geniş şəkildə müzakirə olunub və Ermənistan tərəfi İranı narahatlığına əsas olmadığına inandıra bilib. Əslində, əvvəldən də Məsud Pezeşkian hökumətinin bu məsələyə daha loyal münasibət göstərdiyinin şahidi olurduq. Sadəcə olaraq, SEPAH başda olmaqla, mühafizəkar dairələr və onlara yaxın diplomatik qüvvələr bu prosesə qarşı sərt mövqe nümayiş etdirirdilər və layihəyə müqavimət göstərirdilər.
"Dediyim kimi, artıq Ermənistanın razılıq verdiyi və layihə ilə bağlı real işlərin görüldüyü bir mərhələdə bu prosesin qarşısını almaq çətin olacaq. Hazırkı şəraitdə İranın bu məsələdə sərgiləyəcəyi əsas mövqe layihənin inkişafına və irəliləməsinə dəstək vermək, onun həyata keçirilməsi üçün real addımlar atmaq olmalıdır. Yəni İran bu prosesdə iştirak etməyə çalışmalıdır. Başqa sözlə, layihədə iştirak edərək, ondan fayda götürən tərəflərdən birinə çevrilməlidir. Əks halda, İran əks mövqe nümayiş etdirməklə heç nə qazanmayacaq. Deyərdim ki, bu, gələcəkdə İran diplomatiyası üçün böyük bir fiasko ilə nəticələnə bilər", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova