Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələr yüksək səviyyədədir-Özəl

"Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşünün keçirilməsi Avrasiya regionunun mühüm bir coğrafiyasında yerləşən dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat və logistika sahəsində əlaqələrin güclənməsinin mühüm göstəricisi kimi səciyyələndirilə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü olmasından sonra altıtərəfli formatda bu tədbirin keçirilməsi bölgədə əməkdaşlığın, sülhün və sabitliyin möhkəmləndirilməsi üçün yeni, əhəmiyyətli imkanlar açır. Bu, həm də Cənubi Qafqaz-Mərkəzi Asiya arasında inteqrasiyanın vahid məkanda formalaşması yönündə münbit və sağlam mühitin qurulduğunu təsdiqləyir.

Ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olması ilə bağlı tarixi qərarın gerçəkləşməsində də Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüskarlığı mühüm rol oynayıb. Bu, Türkmənistanın Azərbaycana olan möhkəm dostluq və qardaşlıq münasibətinin nümunəsidir.

Məşvərət Görüşündə çıxış edən Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, ötən ildən bəri Türkmənistandan ölkəmizə artıq beş yüksəksəviyyəli səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyi əks etdirir. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyini əsirgəməyən Türkmənistanın Füzuli şəhərində məscid tikintisi əvəzolunmaz hədiyyə və xalqlarımız arasındakı mənəvi yaxınlığın daha bir təzahürüdür.

Prezident İlham Əliyevin Prezidenti Sərdar Berdiməhəmmədovla görüşündə də qeyd edildiyi kimi, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri son illərdə dinamik şəkildə inkişaf edərək siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində genişlənib.

Siyasi və diplomatik əməkdaşlığın möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər, sülh, sabitlik və təhlükəsizlik, ticarət-iqtisadi əlaqələrin inkişafında yeni gündəlik müəyyənləşdirən "C6" formatı ambisiyalı hədəflərinə doğru irəliləyir. Ölkələr arasında siyasi dialoqun möhkəmlənməsi daha çox nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir. Cənab Prezidentin xatırlatdığı kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm xarakter alması təmasları daha da bərkidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31