Konstitusiya Məhkəməsi Ermənistan Kilsəsi ilə bağlı müraciəti rədd etdi – ÖZƏL
12:45 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətin Erməni Apostol Kilsəsi ilə bağlı şikayətinə baxmaqdan imtina edib. Bu barədə "Pastinfo" məlumat yayıb.
"Ermənistan" və "Güclü Ermənistan" fraksiyaları parlamentin 25 avqust 2026-cı il tarixli qərarı ilə təsdiqlənən hökumət proqramının konstitusiyaya uyğunluğunu şübhə altına almışdı. Müxalifət iddia edirdi ki, proqram dövlətin Erməni Apostol Kilsəsinin daxili işlərinə müdaxiləsini nəzərdə tutur və bu, Ermənistan Konstitusiyasına, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 9-cu maddəsinə, Avropa Məhkəməsinin presedent hüququna və Venesiya Komissiyasının kilsə ilə dövlətin ayrılması prinsipinə ziddir. Onların fikrincə, Kilsənin daxili kanonik idarəetmə məsələləri dövlət siyasətinin hədəfinə çevrilir və bu da vətəndaşların vicdan və etiqad azadlığını pozur.
Konstitusiya Məhkəməsi isə müraciətə baxmadı. Qərarda bildirilir: Hökumət proqramının siyasi uğuru və əsaslılığı parlamentin siyasi məsuliyyətidir, konstitusiya ədalətinin yox. Abstrakt nəzarət çərçivəsində gələcəkdə ehtimal olunan antikonstitusion normaları indidən pozuntu kimi qiymətləndirmək olmaz. Məhkəmə "məhkəmə özünü məhdudlaşdırma" prinsipi ilə bağlıdır və yalnız açıq konstitusiya pozuntusu olduqda müdaxilə etməlidir, siyasi fikir ayrılıqlarında yox.
Məhkəmə vurğulayıb ki, parlament idarəçiliyi şəraitində hökumət proqramının təsdiqi siyasi məsuliyyət mexanizmidir. Məhkəmənin həddindən artıq müdaxiləsi hakimiyyətlər bölgüsü prinsipini pozar. Qərarda sonda qeyd olunur ki, ərizəçilər məsələyə mahiyyəti üzrə baxılması üçün minimal arqumentasiya belə təqdim etməyiblər.