Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri yeni mərhələyə keçir-Özəl

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfər proqramına Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirak da daxildir. Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət Görüşü Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqunun və regional əməkdaşlığının inkişafında mühüm rol oynayır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə olaraq 2018-ci ildə Qazaxıstanın Astana şəhərində baş tutub. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi iclası keçirilib. 2023-cü ildə və 2024-cü ildə müvafiq olaraq keçirilmiş 5-ci və 6-cı Məşvərət Görüşlərində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak və çıxış edib. 16 noyabr 2025-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüquqlu iştirakı haqqında qərar qəbul edilib". YAP Yardımlı Rayon Təşkilatından "Olaylar"a bildirilib ki, bu qərar Azərbaycanın region üçün strateji əhəmiyyətini və Mərkəzi Asiya dövlətləri ilə yaxın münasibətlərə malik olduğunu bir daha nümayiş etdirib: 
"Azərbaycanın prosesə fəal qoşulması nəticəsində indiyə qədər C5 adlanmış əməkdaşlıq formatı faktiki olaraq C6 formatına yüksəlib, regional dialoq və strateji tərəfdaşlıq yeni məzmun və əhatə dairəsi qazanıb. Məşvərət görüşlərində dövlət başçıları siyasi münasibətlərin inkişafı, Xəzər dənizi hövzəsində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və enerji layihələrinin həyata keçirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, iqlim dəyişiklikləri ilə mübarizə, kənd təsərrüfatı, su ehtiyatlarının səmərəli idarə olunması və humanitar əməkdaşlıq kimi məsələləri müzakirə edirlər. Həmçinin, dövlət başçıları arasında ikitərəfli görüşlər keçirilir. Bu görüşlər zamanı yeni sazişlər, memorandumlar və birgə layihələr barədə razılıqlar əldə olunur.
      31 iyul 2026-cı ildə Prezident İlham Əliyev Qırğızıstana dövlət səfəri zamanı Çolpon-Ata şəhərində keçirilmiş Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirak edib. Görüşün sonunda dövlət başçıları tərəfindən görüşün yekunlarına dair Çolpon-Ata Bəyannaməsi imzalanıb. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakının əhəmiyyəti
          Azərbaycanın sözügedən platformada tamhüquqlu iştirakının təmin edilməsi ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin institusional səviyyədə yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, Xəzər dənizi vasitəsilə regionla sıx bağlıdır. Tarixi-mədəni əlaqələr, enerji resursları, ticarət və nəqliyyat marşrutları Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsinə əlverişli şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31