Prezident İlham Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq.

Bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən deyib.

"Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazırdır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistanın Xəzər sahilində (Türkmənbaşı şəhəri yaxınlığında) yerləşən "Avaza" Milli Turizm Zonasında keçirilir. Tədbir Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyinə həsr olunub və Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində əsas hadisədir.

Sammit iştirakçıları siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı müzakirə edir, Birliyin cari ildəki fəaliyyətinin yekunlarını vurur və gələcək üçün prioritet vəzifələri müəyyənləşdirirlər. Gündəliyə, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi, hüquq-mühafizə, mədəni-humanitar və informasiya sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, eləcə də MDB ölkələrinin xarici siyasət koordinasiyasının möhkəmləndirilməsinə yönəlmiş sənədlərin baxılması daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31