"Hicab qadağası" qanunidirmi və ya KOLLİZİYA yaranıbmı?-Özəl
10:37 SiyasətMəsələnin konstitusion və hüquqi izahı
"Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində geyim tələbləri ilə bağlı birbaşa "hicab qadağası" termini ilə ayrıca qanun yoxdur, bu məsələ bir-birini tamamlayan normativ hüquqi aktlar əsasında formalaşır və onları beş aşağıdakı ardıcıllıqla göstərmək olar". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib:
"1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" təsdiq edilib və dövlət məktəblərində şagird geyiminin əsas çərçivəsi müəyyənləşdirilib.
2. Azərbaycan Respublikasının 7 iyul 2026-cı il tarixli 434-VIIQD nömrəli Qanunu ilə "Ümumi təhsil haqqında" Qanuna "millilik və dünyəvilik" anlayışı əlavə edilib, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi qanunvericilik səviyyəsində təsbit olunub.
3. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2026-cı il tarixli 729 nömrəli Fərmanı ilə 434-VIIQD nömrəli Qanunun tətbiqi təmin edilərək Nazirlər Kabinetinə təhsilverənlərin geyimi ilə bağlı tələbləri müəyyən etmək və 96 nömrəli Qərarı yeni qanunvericiliyə uyğunlaşdırmaq tapşırılıb.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə 96 nömrəli Qərara dəyişiklik edilərək müəyyən edilmiş məktəb geyiminin vahidliyini pozan, habelə "ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən" istifadəyə yol verilmədiyi müəyyənləşdirilib.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər" ayrıca təsdiq edilib.
Mühüm məqam ondan ibarətdir ki, №309 nömrəli Qərarın mətnində "hicab" və ya "başörtüyü" sözləri birbaşa işlədilmir; "dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementləri" ifadəsindən istifadə olunur. Buna görə hicabın konkret olaraq bu normanın əhatə dairəsinə daxil edilməsi ayrıca hüquqi şərh tələb edir.
Məsələnin Konstitusion tərəfi isə daha həssasdır. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin III hissəsi dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını, 25-ci maddəsi ayrı-seçkiliyin yolverilməzliyini, 42-ci maddəsi təhsil hüququnu, 48-ci maddəsi vicdan və dini etiqad azadlığını, 71-ci maddəsi isə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı və məhdudlaşdırılmasının konstitusion çərçivəsini müəyyən edir.
Burada hüquqi problem dünyəvi təhsil prinsipi ilə vicdan azadlığının qarşı-qarşıya qoyulması deyil, onların konstitusion balansının müəyyən edilməsidir. Əgər "dünyəvilik" anlayışı əsasında hicab taxan şagirdin, müəllimənin dövlət məktəbinə buraxılmaması və ya təhsil hüququnun faktiki məhdudlaşdırılması tətbiq edilərsə, belə məhdudiyyətin hüquqi əsası konstitusion baxımdan ayrıca qiymətləndirilməlidir. İnsan hüquqlarının məhdudlaşdırılmasına dair Konstitusiya Qanunu da məhdudiyyətlərin qanunla müəyyən edilməsini və mütənasib olmasını tələb edir.
Nəticə etibarilə, yaranmış hüquqi vəziyyət normativ kolliziya, yəni hüquq normaları arasında ziddiyyət və hüquqi qeyri-müəyyənlik yaradan vəziyyət kimi qiymətləndirilə bilər. Bu kolliziyanın aradan qaldırılması, müvafiq normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun müəyyən edilməsi və onların tətbiqi ilə bağlı konstitusion-hüquqi məsələlərə hüquqi qiymət verilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir".