Məktəbli geyim qaydalarını dini azadlıqların məhdudlaşdırılması kimi təqdim etmək yanlışdır-Özəl

"Son günlər sosial şəbəkələrdə yayılan bəzi məlumatlar bir daha göstərir ki, cəmiyyətimizə kənardan təsir göstərmək və süni gərginlik yaratmaq cəhdləri davam edir. Xüsusilə, Azərbaycanda guya hicabın və dini geyimlərin qadağan olunması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir, çünki hicab və dini geyimlə bağlı ümumi qadağa yoxdur. Ona görə də, universitetlərdə, iş yerlərində və ictimai həyatda vətəndaşların bu səbəbdən hər hansı məhdudiyyətlə üzləşməsi barədə yayılan məlumatlar da reallığa uyğun deyil". "Olaylar" xəbər verir ki, bunu "Media və Mülki Cəmiyyət" İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib: "Eyni zamanda, məktəblərdə tətbiq olunan geyim qaydalarını da dini məsələ kimi təqdim etmək doğru yanaşma deyil. Burada söhbət bütün şagirdlər üçün müəyyən edilmiş vahid məktəbli geyim formasından və təhsil müəssisələrinin daxili qaydalarından gedir. 
Qeyd etmək lazmdır ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərə, dini irsimizə və İslam mədəniyyətinə hər zaman hörmətlə yanaşıb. Məscidlərin, dini və tarixi abidələrin bərpası, dini icmalara göstərilən diqqət və həyata keçirilən digər layihələr bunun əyani nümunələridir. Məhz bu səbəbdən sırf məktəbli geyim qaydalarını dini azadlıqların məhdudlaşdırılması kimi təqdim etmək cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaqdan başqa bir məqsədə xidmət etmir. Ona görə də, süni ajiotaj yaratmağa hesablanmış çağırışlar bizi daha da ayıq və həmrəy olmağa sövq etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31