Azərbaycan dəyişən geosiyasi şəraitdə müstəqil siyasətini davam etdirəcək
09:55 SiyasətMüstəqil Azərbaycanın siyasi sistemində Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi yeri və rolu danılmazdır. YAP-ın yaradılması müasir Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir. Başqa sözlə, YAP-ın təsis olunması ölkənin taleyini köklü şəkildə dəyişən tarixi bir hadisə idi. Müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi, hərbi və sosial böhranla üz-üzə qaldığı bir məqamda yeni siyasi qüvvənin ortaya çıxması təbii ki, xalqın sarsılmış ümidinin dirçəlməsi üçün vacib şərt idi. İdarəetmədəki naşılıq, daxili çəkişmələr, torpaqlarımızın işğala məruz qalması və vətəndaş müharibəsi təhlükəsi dövlətin varlığını sual altına aldğı məqamda xalqın mütərəqqi qüvvələri, ziyalılar və vətənpərvər insanlar çıxış yolunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ətrafında birləşməkdə gördülər. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis qurultayı ilə Yeni Azərbaycan Partiyasının yaranması ölkənin siyasi səhnəsində dönüş nöqtəsinə çevrildi və gələcək böyük qələbələrimizin təməl daşını qoydu. Azərbaycan dövlətçiliyinin əsasının qoyulması, dünyanın öncül dövlətləri sırasında yer almasında müstəsna xidməti olan YAP artıq özünün VIII Qurultayını keçirdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın VIII Qurultayındakı proqram xarakterli çıxışında bu tarixi həqiqəti xüsusi vurğulayaraq bildirmişdir ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə bağlıdır.
Maraqlıdır, qurultayda elan olunan prioritetlər, verilən mesajlar və onların praktik nəticələri baxımından gözləntilər nədən ibarətdir? Dövlət başçısının proqram xarakterli çıxışından bəlli oldu ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və Böyük Qayıdış - azad edilmiş ərazilərin qurulması və məskunlaşmanın davam etdirilməsi ön plandadır. Həmçinin, iqtisadi inkişaf və insan kapitalı - iqtisadiyyatın, təhsilin, innovasiyanın və insan kapitalının inkişafı qarşıdakı prioritetlər kimi təqdim olunur. Sosial rifah, vətəndaşların rifahının və sosial ədalətin daha da yüksəldilməsi hədəflənir. Suverenliyin və təhlükəsizliyin qorunması yeni mərhələdə əsas vurğu əldə edilmiş nəticələrin qorunmasına, güclü dövlət və hərbi potensialın saxlanmasına meaj verilir. Qurultayda eyni zamanda xarici siyasətdə müstəqil xətt - Azərbaycanın dəyişən geosiyasi şəraitdə müstəqil siyasətini davam etdirməsi qurultay çıxışlarında vurğulanıb. Sadalanan tezislər deməyə əsas verir ki, VII qurultaydan sonrakı dövrün mərkəzində Qarabağın azadlığı və suverenliyin bərpası dayanırdısa, VIII qurultayda vurğu daha çox "Zəfərdən sonrakı inkişaf" mərhələsinə keçir. Azad edilmiş ərazilərin dirçəldilməsi, iqtisadi gücün artırılması, sosial rifah və dövlətin institusional gücləndirilməsi ön plana çəkilir. Qarabağ artıq siyasi şüardan iqtisadi-demografik layihəyə çevrilir. Prezidentin bildirdiyinə görə, Qarabağ və Şərqi Zəngəzurda artıq 96 min insan yaşayır, işləyir və təhsil alır, həmin ərazilərin inkişafına indiyədək 28 milyard manat ayrılıb və 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması baş verib. "Böyük Qayıdış"ın sürətləndirilməsi qarşıdakı əsas vəzifələrdən biri kimi göstərilir.
Qurultayın ən mühüm siyasi mesajları ondan ibarətdir ki, güclü dövlət, güclü iqtisadiyyat, təhlükəsizlik, Qarabağın bərpası, regional logistika kimi yeni ideoloji model ortaya qoyulur. Maraqlı məqam budur ki, sülh gündəmi ilə paralel olaraq hərbi potensialın gücləndirilməsi xüsusi vurğulanır. Prezident çıxışında hərbi gücün artırılmasını qarşıdakı əsas vəzifələrdən biri kimi göstərib. Bu, ilk baxışda paradoksal görünə bilər: əgər müharibə başa çatıbsa, niyə hərbi xərclər və potensial artırılmalıdır? Qurultayda verilən cavabın məntiqi belədir: sülhün qorunması üçün güc lazımdır. Deməli, qarşıdakı dövrdə Azərbaycanın təhlükəsizlik modeli "müharibəyə hazırlaşmaq" kimi yox, daha çox güclü çəkindirmə qabiliyyətini saxlamaq kimi təqdim olunur.
VIII qurultayda verilən müsaylardan aydın olur ki, konkret iqtisadi hədəflərdən biri də tranzitlə bağlıdır. Prezident Azərbaycanın ərazisindən keçən tranzit yüklərin orta müddətdə 30 milyon tona çatdırılması hədəfini açıqlayıb və bunun yeni gəlirlər və iş yerləri yaradacağını bildirib. Bu isə o anlama gəlir ki, Azərbaycanın "tranzit ölkə"dən daha böyük iqtisadi rol almaq iddiasını ortaya qoyub. Çünki, bu, sadəcə nəqliyyat məsələsi deyil. Əgər Orta Dəhliz, Şimal-Cənub və digər marşrutlar üzrə yük həcmi ciddi artırsa, Azərbaycan neft-qaz ixrac edən ölkədən enerji, logistika və tranzit qovşağı modelinə keçə bilər.
Qurultayın ən çox diqqət tələb edən mesajlarından biri ideoloji siyasətin yenilənməsi oldu. Prezident açıq şəkildə formal və şablon ideoloji işdən imtina edilməsinin, daha müasir ideoloji fəaliyyət qurulmasının vacibliyini qeyd etdi: "İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində". Dövlət başçısının bu mesajı xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, artıq beynəlxalq aləmdə informasiya mühiti dəyişib. Sosial şəbəkələr, süni intellekt, yeni media, xarici informasiya platformalarında moxsaylı yeniliklər baş verib. Bu da öz növbəsində əvvəlki təbliğat üsullarının dəyişməsini zəruru edir.
Alim Hüseynli