Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə: “Yeni geosiyasi reallıq yaranır”- ÖZƏL

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Bu çərçivədə Türkmənistanla strateji tərəfdaşlığın inkişafı xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasındakı münasibətlərin əsasını tarixi, mədəni, etnik, dil və dini yaxınlıq təşkil edir.
İndiyədək iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər də əməkdaşlığın genişlənməsinə şərait yaradıb.
Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə strateji tərəfdaşlıq səviyyəsində inkişafını şərtləndirən əsas amilləri necə qiymətləndirirsiniz? Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi və regional layihələr baxımından gələcək perspektivlərini necə olacaq?
Mövzu ilə bağlı Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Hesab edirəm ki, Azərbaycanla Mərkəzi Asiya arasında çox uğurlu bir əməkdaşlıq gerçəkləşdirilməkdədir. Onu qeyd etmək istərdim ki, ümumiyyətlə, Azərbaycan-Türkmənistan münasibətləri həqiqətən yüksək strateji tərəfdaşlıq səviyyəsindədir və daha da inkişaf edir. O cümlədən, Mərkəzi Asiyanın digər ölkələri-Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanla da Azərbaycanın tarixdən gələn münasibətləri daha da inkişaf etdirilir və yüksək səviyyəyə qaldırılır.
Münasibətlər istər iqtisadi, siyasi, mədəni, istərsə də digər istiqamətlərdə davam edir. Müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı şəkildə bir-birinə dəstək verilir.
İkitərəfli, istərsə də çoxtərəfli əlaqələrin orijinallığı ondadır ki, Azərbaycan artıq bir Mərkəzi Asiya ölkəsi kimi qəbul olunur, Mərkəzi Asiya ölkəsi kimi sayılır. Mərkəzi Asiya ölkələri ilə bir yerdə, bərabərhüquqlu tərəfdaş kimi bu toplantılara qatılır, qərarların qəbulunda iştirak edir və s.
Orta Dəhliz məsələsi bu məsələlərdə çox mühüm əhəmiyyət daşıyır. Xəzər hövzəsindəki zəngin enerji ehtiyatları məsələsi də çox önəmli əhəmiyyət daşıyır. Hesab edirəm ki, bütün bu ikitərəfli və çoxtərəfli münasibətlər, əlaqələrin inkişafı Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni bir geosiyasi reallıq, yeni bir situasiya yaradır. Bu da yeni bir əməkdaşlıq ruhudur, ciddi bir çalışma və yeni, mühüm və müsbət bir prosesin, əməkdaşlığın ortaya çıxmasını göstərir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31