İranın Zəngəzur mövqeyində yumşalma: Tehran “qırmızı xətt”dən geri çəkilir? – ÖZƏL
16:12 Siyasətİranın Zəngəzur dəhlizi və TRIPP layihəsinə münasibətində yumşalma müşahidə olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Tehran layihə ətrafında ajiotaj üçün əsas görmür və İrəvanın layihənin həyata keçirilməsi ilə bağlı nümayiş etdirdiyi şəffaflıqdan razıdır. Bu açıqlama fonunda İranın uzun müddət Zəngəzur dəhlizi və TRIPP layihəsinə qarşı sərt mövqedə olması və "qırmızı xətlər"dən danışması diqqət çəkir.
Bəs son zamanlar İranın bu layihəyə münasibətində mümkün yumşalmanın səbəbləri nədir?
"Hələlik bu məsələ ilə bağlı daha aydınlaşdırıcı detallar açıqlanmayıb. Bu, sadəcə Ermənistanın xarici işlər nazirinin açıqlamasından yaranan qənaətlərə bağlı bir təsəvvürdür. Yəni İranın rəsmi açıqlaması hələlik mövcud olmadığından, rəsmi Tehranın Zəngəzur dəhlizinə və yaxud TRIPP layihəsinə münasibətini dəqiqləşdirmək bir qədər çətindir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, rəsmi Tehran uzun müddətdir Zəngəzur dəhlizinə qarşı müqavimət göstərir. Hətta bu məsələ ilə bağlı hansısa "qırmızı xətlərdən" danışır. Ancaq indi birdən-birə bu mövzuda İranın mövqeyinin tamamilə dəyişə biləcəyinə inanmaq sadəlövhlük olardı. Əgər doğrudan da İranın mövqeyində, yəni Mirzoyanın dediyi kimi, hansısa dəyişiklik və yaxud yumşalma mövcuddursa, onda bu o deməkdir ki, qapalı qapılar arxasında İrana hansısa vədlər verilmiş ola bilər. Yəni İranın maraqlarını qane edəcək vədlər verilmiş ola bilər. Bu baxımdan, əgər İran da həmin vədlərlə razılaşıbsa, onda İran və Rusiyanın Zəngəzur dəhlizinə yönəlik münasibətlərində də ciddi fərqlər ortaya çıxa bilər. Yəni bu, olduqca qəliz bir prosesdir. Digər tərəfdən, başqa bir məqam da ola bilər. Hazırda İran Amerika Birləşmiş Ştatları ilə açıq müharibə şəraitindədir. Amerika Birləşmiş Ştatları İranın iqtisadi-ticari fəaliyyətini demək olar ki, tamamilə bloklayıb və bu da İran üçün olduqca ciddi problemlər yaradır. İran təxminən Rusiya kimi zəifləməkdədir. Yəni Rusiya necə Ukrayna savaşı ucbatından zəifləyirsə, İran da Yaxın Şərqdə Amerika Birləşmiş Ştatları ilə hərbi qarşıdurmada nisbətən zəifləyir. Ola bilər ki, bu zəiflik artıq İranın Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyini davam etdirmək imkanlarını məhdudlaşdırır. Ona görə də ya vədlər səbəbindən, ya da müqavimət imkanlarının məhdudlaşması səbəbindən İran nisbətən mövqeyini yumşaltmaq məcburiyyətində qalmış ola bilər. Ancaq sonrakı mərhələdə rəsmi Tehranın yenidən sərt mövqeyə qayıtmayacağına da qətiyyən təminat vermək mümkün deyil.
Səidə Ramazanova