İranın Zəngəzur dəhlizinə münasibəti dəyişir: Tehran üçün yeni imkanlar yaranır-ÖZƏL
16:10 SiyasətErmənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, İran Zəngəzur dəhlizi layihəsi ətrafında ajiotaj üçün əsas görmür. Onun sözlərinə görə, Tehran Ermənistanın layihə ilə bağlı şəffaf mövqeyindən razıdır və ortaya çıxa biləcək məsələlərin müzakirəsinə hazır olduğunu görür.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"Ermənistan Xarici İşlər Nazirinin İranın Zəngəzur dəhlizinə münasibəti ilə bağlı açıqladığı son fikir, əlbəttə ki, maraqlıdır. Çünki İran tərəfinin uzun müddət Zəngəzur dəhlizinin əleyhinə çıxış etdiyini biz yaxşı xatırlayırıq.
O cümlədən mərhum ali lider Xamenei daxil, onun müşavirləri, SEPAH generalları və bir çox siyasətçilər, ekspertlər davamlı şəkildə Zəngəzur dəhlizinin açılması məsələsini manipulyasiya edərək bunu sərhədlərin dəyişdirilməsi kimi, Ermənistan suverenliyinin pozulması kimi və s. tipli məsələlərlə ört-basdır etməyə çalışırdılar. 2025-ci ilin avqustundan sonra, yəni Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı imzalanın müqavilədən sonra İran tərəfinin ritorikasında müəyyən dəyişikliklərin şahidi olduq. Belə ki, həm İran Prezidenti Məsud Pezeşkian, həm də İranın şəhərsalma Naziri bu layihə ilə bağlı müəyyən pozitiv fikirlər söylədilər.
Amma bunun ardınca biz yenə də İranda Əli Əkbər Vilayəti timsalında bir çox iranlı, qeyd etdiyimiz kimi, siyasətçilər və ekspertlərin bu məsələyə neqativ münasibətinin şahidi olduq. Və son olaraq SEPAH generallarının da bir müddət öncə açıqlamalarında biz bu məsələyə konkret Rəhim Səfəvinin dilindən İranın bu layihəyə münasibətini eşitdik.
Bütün hallarda Zəngəzur dəhlizinin açılması məsələsi, yəni TRIPP marşrutunun açılması Ermənistanın daxili işidir. Doğrudur, bu, qlobal əhəmiyyətli bir layihə olsa da, Ermənistanın Azərbaycanla imzaladığı üçtərəfli bəyanatda Ermənistanın öhdəliyi var bu məsələ ilə bağlı.
Hazırda ABŞ ilə Ermənistanın anlaşması var. Məsələdə artıq hüquqi və texniki prosedurların digər mərhələləri arxada qalıb.
Bir icra sənədi imzalanıb və fiziki işlərin başlanmasından, start verilməsindən də çox vaxt qalmadığı ilə bağlı Ermənistan tərəfindən də açıqlamaları duymaqdayıq.
Əslində, İranın doğrudan da bu məsələyə münasibətində dəyişiklik olacaqsa, bu, pozitiv bir addım sayıla bilər. Belə ki, İranın indiyə qədərki mövqeyi konkret olaraq Ermənistanın daxili işlərinə qarışmaq və onu suverenliyinə təhdid kimi dəyərləndirilməlidir.
Və bu layihə həyata keçərsə, o zaman İranın da bundan kifayət qədər faydalanacağı aydın görünür. Belə ki, İran məhz Zəngəzur dəhlizindən istifadə etməklə, Naxçıvan ərazisindən keçərək Qara dənizə çıxış əldə edə bilir. Eyni zamanda, Ermənistan da məhz Naxçıvan üzərindən keçməklə, İran ərazisindən Körfəzə çıxış əldə edir.
Bu baxımdan, əslində, İranda rasional düşünən siyasətçilər bu məsələyə müsbət yanaşırlar. Və nəzərə alsaq ki, Azərbaycanın təklifi ilə İran tərəfində Araz dəhlizi də açılır, yəni Zəngəzur dəhlizi ilə paralel istiqamətdə işlər davam etdirilir. Bu da İran üçün əlavə stimul deməkdir".
Zeynəb Mustafazadə