Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır-Özəl
15:12 Siyasət"Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət görüşü bu ölkələr arasında əməkdaşlığın siyasi və praktiki bazasını daha da möhkəmləndirmək yolunda atılan növbəti uğurlu addımdır. Ona görə də Prezident İlham Əliyevin bu tədbirdə iştirakının çox mühüm tərəfləri var". "Olaylar" xəbər verir ki, bunu "Cumhuriyyəy" qəzetinin baş redaktoru Rafail Becanov deyib: "İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan artıq platformanın tamhüquqlu iştirakçısıdır. Bu formatda tamhüquqlu iştirakçı olmaq Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlığın ən mühüm tərəflərindən biri Xəzər hövzəsi və Mərkəzi Asiyanın geoiqtisadi arxitekturasına baş verən yenilikdir. Xüsusi ilə enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və kommunikasiya layihələrinin ön plana çıxması sistemli və strateji xarakteri özündə ehtiva edir.
Bu aspektdən Xəzərin iki sahili arasında enerji bağlantılarını xüsusi qeyd etmək lazımdır. Mərkəzi Asiyanın zəngin enerji ehtiyatlarının Azərbaycan üzərindən dünyaya daha rahat çıxışına və regionda vahid enerji-logistika məkanın yaradılmasına xüsusi təsir göstərəcək.
O cümlədən rəqəmsal iqtisadiyyat və Xəzərdən keçən optik kabel bağlantılarına ayrıca diqqət yetirmək lazımdır. Bildiyimiz kimi Trans-Xəzər Fiber-Optik Kabel Xətti Xəzər dənizinin dibi ilə çəkilən sualtı rəqəmsal marşrutdur və bu layihə Avropa-Asiya Rəqəmsal İpək Yolu təşəbbüsünün tərkib hissəsidir.
Müasir dünyada rəqabət yalnız enerji və adi nəqliyyat infrastrukturu kimi qəbul edilmir. Məlumatların sürətli və təhlükəsiz ötürülməsi yeni dünyada rəqabət dayanıqlılığı deməkdir. Ona görə də Xəzərin dibi ilə fiber-optik kabellərin çəkilməsi Mərkəzi Asiyanın Azərbaycan üzərindən Avropanın rəqəmsal məkanına daha tez və asanlıqla inteqrasiyasına xidmət etmiş olacaq.
Enerji kəmərləri, Orta Dəhliz, liman və nəqliyyat infrastrukturu, eləcə də Xəzərin dibi ilə optik kabel sistemləri bir-birini tamamlayan çoxşaxəli regional bağlantının əsas elementləridir. Bu model Azərbaycanı da Mərkəzi Asiya ilə Avropa arasında enerji, yük və məlumat axınlarının kəsişdiyi mühüm platformalardan birinə çevirir. Bu baxımdan Azərbaycan və Mərkəzi Asiya ölkələrinin yüksək səviyyəli əməkdaşlığı yeni mərhələdir və Xəzər dənizi də yalnız enerji resurslarının daşındığı məkan yox, həm də enerji, nəqliyyat və rəqəmsal məlumat axınlarının birləşdiyi strateji bir platformadır.
Ümumilikdə, Prezident İlham Əliyevin bu səfərinin və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət görüşünə növbəti sədrliyin Azərbaycana keçməsi yeni bir vahid regional bağlantı platformasının yaranmasıdır. Bu, enerji, Orta Dəhliz, Trans-Xəzər bağlantıları, rəqəmsal iqtisadiyyat və Xəzərin dibi ilə kommunikasiya layihələrinin əlaqələndirilməsi üçün mühüm imkan kimi qiymətləndirilməlidir".