Azərbaycan-Türkmənistan tərəfdaşlığı: Tarixi bağlardan strateji geoiqtisadiyyata – ÖZƏL

"Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Bu siyasətdə Türkmənistanla münasibətlər xüsusi yer tutur. Hesab edirəm ki, Azərbaycan-Türkmənistan tərəfdaşlığının gücü ilk növbədə iki xalq arasındakı tarixi, mədəni, dil və mənəvi yaxınlıqdan qaynaqlanır. Lakin bu münasibətlər artıq yalnız tarixi və etnik yaxınlıq üzərində deyil, konkret dövlət maraqları və strateji tərəfdaşlıq üzərində qurulur. 2017-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamədən sonra münasibətlər yeni mərhələyə keçib. Bu gün iki ölkə arasında 108 sənədin imzalanması əməkdaşlığın kifayət qədər geniş hüquqi bazaya malik olduğunu göstərir. Prezident İlham Əliyevin Türkmənistana çoxsaylı səfərləri də siyasi dialoqun yüksək səviyyəsini nümayiş etdirir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, burada əsas məsələ gələcəyə baxışdır. Azərbaycan və Türkmənistan Xəzər dənizi vasitəsilə bir-birini tamamlayan imkanlara malikdir. Azərbaycanın nəqliyyat və logistika infrastrukturu, Türkmənistanın isə Mərkəzi Asiyanın böyük iqtisadi və enerji potensialı əməkdaşlıq üçün ciddi perspektivlər yaradır.
Xüsusilə, Orta Dəhlizin inkişafı Azərbaycan-Türkmənistan tərəfdaşlığına yeni məzmun verir. Xəzərin hər iki sahilində nəqliyyat imkanlarının genişləndirilməsi Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə, Türkmənistanı isə Qərb bazarlarına çıxış baxımından daha əlverişli mövqeyə gətirir. Enerji sahəsində də böyük potensial var. Türkmənistanın zəngin enerji resursları ilə Azərbaycanın enerji və nəqliyyat infrastrukturu arasında əlaqələrin gücləndirilməsi Xəzərin strateji əhəmiyyətini daha da artırır. 22 avqust 2025-ci ildə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin görüşü isə bu əməkdaşlığın artıq ikitərəfli çərçivədən çıxaraq regional xarakter aldığını göstərdi.

"Yəni, söhbət təkcə Azərbaycan-Türkmənistan münasibətlərindən getmir. Söhbət Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən yeni geoiqtisadi və geosiyasi xəttin formalaşmasından gedir. Hesab edirəm ki, qarşıdakı dövrdə əsas hədəf mövcud siyasi etimadı konkret layihələrə çevirmək  nəqliyyat, logistika, enerji, ticarət, investisiya və humanitar əlaqələri daha da genişləndirmək olmalıdır. Bu baxımdan, Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı həm milli maraqlarımız, həm də Türk dünyasının daha sıx inteqrasiyası baxımından mühüm perspektiv vəd edir", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31