Medvedevin “ikinci Ukrayna” xəbərdarlığı: Moskvanın Ermənistan narahatlığı-ÖZƏL

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan rəhbərliyinin siyasətini sərt tənqid edib. O bildirib ki, bu kurs Ermənistanı "ikinci Ukraynaya" çevirə bilər. Medvedev Qərbin Gürcüstana NATO vədlərinin də müsbət nəticə vermədiyini deyib. Çıxışın Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Tehran səfəri ilə eyni gün yayılması Rusiyanın İranı Ermənistana qarşı birgə mövqeyə çağırması kimi qiymətləndirilir.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:

" Burada ən mühüm mesaj siyasi və psixoloji təzyiqdir. Amma bu təzyiqin arxasında real geosiyasi narahatlığın da dayandığını görmək mümkündür.
Çünki Rusiya hazırda Ermənistanı daha çox çəkindirmə yolu ilə öz siyasətini həyata keçirməyə çalışır. Lakin, eyni zamanda bəllidir ki, baş verən proseslər Ermənistanın Qərblə əlaqələrinin zəifləməsinə deyil, əksinə, daha da genişlənməsinə gətirib çıxarır.
Rusiya hazırda müharibə şəraitində olduğu üçün Ermənistana müəyyən təhdidlər səsləndirir, müxtəlif nümunələr göstərir. Amma aydındır ki, hazırkı geosiyasi şərait, ölkələrin mövqeyi və potensialı bir-birindən fərqlənir.
Ermənistanın hazırkı siyasi kursu da əvvəlki dövrlə müqayisədə açıq şəkildə fərqlənir. Ermənistan Avropa İttifaqına üzvlük prosesini başlatmaq niyyətini açıq şəkildə ortaya qoyur və ölkədə bununla bağlı qanun da qəbul edilib. Əvvəlki kimi Rusiya ilə strateji müttəfiqlik tezisləri artıq siyasi gündəmin əsas mövzularından deyil.
Amma burada bir məqamı da nəzərə almaq lazımdır: Ermənistan Ukraynadan tamamilə fərqli vəziyyətdədir. Ölkələrin coğrafiyası, iqtisadi imkanları, təhlükəsizlik mühiti və geosiyasi mövqeləri eyni deyil. Ermənistanın Avropa İttifaqına üzvlüyü də hələ reallaşmayıb və İrəvan müəyyən istiqamətlərdə Rusiya ilə əlaqələrini davam etdirir.
Ona görə də "ikinci Ukrayna" kimi yanaşmaları bu mərhələdə daha çox çəkindirmə və siyasi-psixoloji təzyiq vasitəsi kimi qiymətləndirmək olar.
Burada başqa mühüm məsələ də Rusiya və İranın Ermənistana yanaşmasının eyni olmamasıdır. Hər iki ölkə müəyyən məsələlərdə Ermənistanın Qərblə yaxınlaşmasından narahat olsa da, onların narahatlığının səbəbləri fərqlidir.
Moskva bu prosesi daha çox Cənubi Qafqazda öz təsir imkanlarının, xüsusilə də Ermənistan üzərindən mövcud təsir rıçaqlarının itirilməsi kimi qiymətləndirir. İran isə daha çox ABŞ, NATO və digər Qərb hərbi-siyasi strukturlarının öz sərhədlərinə yaxınlaşmasından narahatdır.
Bu baxımdan Moskva ilə Tehran Ermənistan məsələsində müəyyən ortaq narahatlıqlara malik olsalar da, onların yanaşmaları tam eyni deyil".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31