Orta Dəhlizdən süni intellektə: ABŞ-Azərbaycan əməkdaşlığının iqtisadi perspektivləri-ÖZƏL
14:29 SiyasətAzərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri müzakirə olunur. Gündəliyə enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik minerallar, sənaye, nəqliyyat və turizmlə yanaşı, Orta Dəhliz və TRIPP layihələri də daxildir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Bu istiqamətlərin Azərbaycan üçün real iqtisadi nəticəyə çevrilməsi baxımından ən böyük potensialı, məncə, enerji, nəqliyyat-logistika, rəqəmsal infrastruktur və süni intellekt sahələri daşıyır. Çünki burada artıq yalnız niyyətlər deyil, konkret investisiya və infrastruktur layihələri üçün zəmin formalaşıb. Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında da enerji, Orta Dəhliz, TRIPP, rəqəmsal infrastruktur və AI ayrıca prioritet kimi müəyyənləşdirilib.
Enerji ən real və yaxın perspektivli istiqamət olaraq qalır. ABŞ şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda iştirakının genişlənməsi yeni kəşfiyyat, hasilat, servis və texnologiya layihələri yarada bilər. Eyni zamanda əməkdaşlığın yalnız neft-qazla məhdudlaşmaması, elektrik enerjisi, bərpaolunan enerji və regional enerji interkonnektorlarına keçməsi daha çox əlavə dəyər yarada bilər. ABŞ tərəfi də Azərbaycanla enerji infrastrukturu üzrə konkret investisiyalar planlaşdırdığını açıqlayıb.
Orta Dəhliz və TRIPP isə Azərbaycan üçün logistika və tranzit xidmətlərindən daha böyük iqtisadi ekosistem yaratmaq imkanı verir. Dəhlizlərin inkişafı yalnız dəmir yolu və avtomobil yollarından gəlir əldə etmək demək deyil. Logistika mərkəzləri, anbarlar, gömrük və rəqəmsal xidmətlər, yükdaşıma şirkətləri, sığorta, bankçılıq, texniki servis və nəqliyyat avadanlığı istehsalı da inkişaf edə bilər. Azərbaycan-ABŞ Xartiyasında Orta Dəhliz üzrə nəqliyyat, enerji və məlumat bağlantısının paralel inkişaf etdirilməsi nəzərdə tutulur.
AI və rəqəmsal iqtisadiyyatın potensialı isə xüsusilə maraqlıdır. Xartiyada Azərbaycanda özəl sektorla əməkdaşlıq çərçivəsində AI data mərkəzlərinin yaradılması, R&D mexanizmləri, kibertəhlükəsizlik və texnologiya üzrə ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Bu sahədə ABŞ investisiyası Azərbaycana sadəcə kapital deyil, texnologiya və idarəetmə təcrübəsi gətirə bilər. Nəticədə proqramlaşdırma, bulud xidmətləri, data analitikası, kibertəhlükəsizlik, AI və texniki xidmətlər üzrə yüksək maaşlı iş yerləri yarana bilər.
Kritik minerallar və sənaye də uzunmüddətli istiqamətdir. Burada əsas məsələ yalnız mədən hasilatı deyil, filizlərin emalı, zənginləşdirilməsi və son məhsula qədər istehsal zəncirinin Azərbaycanda qurulmasıdır. ABŞ şirkətləri texnologiya və kapital gətirərsə, bu sektorun ixrac və sənaye potensialı əhəmiyyətli ola bilər. Rəsmi danışıqlarda kritik mineralların hasilatı və emalı ayrıca müzakirə olunub.
Turizm və xidmət sektorunda ABŞ investisiyasının təsiri daha çox dolayı ola bilər: yeni hotel və turizm layihələri, aviasiya və rəqəmsal rezervasiya infrastrukturu, beynəlxalq xidmət standartları və yeni marşrutların yaradılması. Bu sahə digər istiqamətlərlə müqayisədə daha çox əmək tutumlu olduğundan regionlarda məşğulluğa təsiri də böyük ola bilər.
Ən vacib məsələ isə ABŞ kapitalının hansı formada gəlməsidir. Əgər investisiya yalnız xammal hasilatına yönəlsə, əsas nəticə kapital və ixrac gəlirlərinin artması olacaq. Amma investisiyalar emal sənayesi, texnologiya, logistika, data mərkəzləri, AI, bərpaolunan enerji və yerli təchizat zəncirlərinə yönəlsə, Azərbaycan iqtisadiyyatında daha keyfiyyətli diversifikasiya baş verə bilər.
Yəni ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının əsas potensialı təkcə yeni dollar investisiyalarının gəlməsində deyil, Azərbaycanın enerji ixracatçısından enerji, logistika, rəqəmsal məlumat və texnologiya qovşağına çevrilməsindədir. Bunun üçün isə xarici şirkətlərin yerli şirkətlərlə kooperasiyası, texnologiya transferi və Azərbaycan vətəndaşlarının yeni layihələrdə yüksək ixtisaslı işlərə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyacaq" .
Zeynəb Mustafazadə