Azərbaycan və Türkmənistanı geniş əməkdaşlıq imkanları birləşdirir - ÖZƏL

"Özbəkistan Mərkəzi Asiyanın Azərbaycana yaxşı münasibət bəsləyən ölkələrindən biridir. Tarixi, mədəni, dini və etnik köklərimizin yaxınlığı, eləcə də dəyişməz və əbədi qonşuluq münasibətləri iki ölkə arasında gələcəkdə daha geniş əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Türkmənistan isə Azərbaycanla ikitərəfli müstəvidə hərtərəfli əməkdaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, bir sıra beynəlxalq platformalarda da iki ölkə arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur. Türkmənistan həm türk dövləti kimi, həm də Qoşulmama Hərəkatının üzvü kimi Azərbaycanla yaxın əlaqələr saxlayır.

Türkmənistanın dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr formatında sədrliyi dövründə Azərbaycanın da bu platformaya cəlb olunması və burada iştirakının təmin edilməsi istiqamətində müəyyən addımlar atılıb. Azərbaycanın həmin platformada Türkmənistanın təşəbbüsü ilə sədr müavini statusunda təmsil olunması da iki ölkə arasında münasibətlərin səviyyəsini göstərən amillərdən biridir.

Bundan başqa, iqtisadi əməkdaşlıq baxımından da Azərbaycan və Türkmənistan arasında geniş imkanlar mövcuddur. 2017-ci ildə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra iki ölkə arasındakı münasibətlərin inkişafı üçün daha geniş imkanlar yaranıb.

Türkmənistan bu gün öz karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması istiqamətində Azərbaycanın nəqliyyat və enerji imkanlarından istifadə məsələsinə xüsusi diqqət yetirir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və enerji-nəqliyyat infrastrukturu Türkmənistanın enerji resurslarının dünya bazarlarına, xüsusilə də Avropa istiqamətində çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda Azərbaycan və Türkmənistan arasında enerji daşıyıcılarının Qərb bazarlarına çıxarılması ilə bağlı müəyyən dialoqun olduğu məlumdur. Avropa ölkələri də Türkmənistanın enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması imkanlarına maraq göstərirlər. Bu baxımdan, Orta Dəhlizin imkanlarının genişləndirilməsində Türkmənistanın daha fəal rol oynaya biləcəyi ehtimal olunur.

Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız strateji tərəfdaşlıq çərçivəsində deyil, eyni zamanda iqtisadiyyat, enerji, nəqliyyat və digər sahələrdə real və praktiki əməkdaşlıq üçün də geniş imkanlara malikdir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31