Azərbaycan-Türkmənistan münasibətlərində yeni perspektivlər - ÖZƏL
14:16 Siyasət"Türkmənistan bizim üçün qardaş dövlətdir. Ümumiyyətlə, Mərkəzi Asiya dövlətləri Azərbaycan üçün doğma və qardaş ölkələrdir. Türkmənistanla münasibətlərimizə gəldikdə isə, Azərbaycanla Türkmənistan eyni kökdən gələn, Oğuz türklərinin formalaşdırdığı xalqlardır. Tarixin qədim dövrlərindən etibarən xalqlarımız bir-biri ilə sıx əlaqədə olub, ortaq tarix və mədəniyyətə malikdir."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Bizim bir-birimizlə anlaşa bilməyəcəyimiz hər hansı ciddi məsələ yoxdur. Müasir dövrdə də Türkmənistan Azərbaycan üçün yaxın, doğma və etibarlı tərəfdaş dövlətlərdən biridir. Azərbaycan Prezidentinin bu səfəri də məhz bu yaxın və dost münasibətlər fonunda həyata keçirilir.
Türkmənistan və Azərbaycan xalqları tarix boyu bir-birinə yaxın olublar. Ədəbiyyatımıza, tariximizə nəzər saldıqda ortaq məqamların kifayət qədər çox olduğunu görürük. Bu yaxınlıq yalnız tarixi və mədəni sahələrlə məhdudlaşmır, insanlar arasında gediş-gəlişdə, qohumluq və dostluq münasibətlərində də özünü göstərir.
Bu baxımdan, Türkmənistan bizim üçün həqiqətən də çox doğma ölkədir. Belə bir şəraitdə Azərbaycan-Türkmənistan münasibətlərinin bundan sonra da daha da inkişaf edəcəyini və yeni istiqamətlər üzrə genişlənəcəyini söyləmək mümkündür.
Ümumiyyətlə, Mərkəzi Asiyanın digər respublikaları da Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə türk dövlətləri ilə yanaşı, regionun digər ölkələri ilə də münasibətlərimiz qarşılıqlı hörmət, etimad və əməkdaşlıq üzərində qurulub. Azərbaycan bu ölkələr üçün yaxın və etibarlı tərəfdaş dövlət kimi qəbul olunur.
Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlərin olduğunu göstərir."
İbrahim Məmmədli