Türkmənistan-Azərbaycan münasibətləri artıq Avropa xətti kontekstində dəyərləndirilir - ÖZƏL
14:01 Siyasət"Son bir həftənin gündəliyi ondan xəbər verir ki, Azərbaycan-Türkmənistan münasibətlərində enerji və nəqliyyat-kommunikasiya əməkdaşlığı getdikcə daha geniş regional bağlantı modelinə dönüşür."
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Enerji istiqamətində Türkmənistan neftinin Azərbaycan ərazisi ilə daşınmasının həcminin artması Bakının Mərkəzi Asiya enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında tranzit rolunu gücləndirir. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaşıl enerji dəhlizi üzərində işləməsi regional enerji əməkdaşlığının ənənəvi neft-qaz çərçivəsindən yeni enerji formatlarına doğru genişləndiyini göstərir.
Nəqliyyat sahəsində əsas platforma Orta Dəhlizdir. Türkmənbaşı limanı ilə Xəzərin şərq sahilini, Bakı və Ələt infrastrukturu ilə qərb sahilini birləşdirən bu xətt Azərbaycan və Türkmənistanı vahid tranzit sisteminin tamamlayıcı halqalarına çevirir. Orta Dəhlizin inkişafı ilə bağlı infrastrukturun inteqrasiyası və tranzit prosedurlarının rəqəmsallaşdırılması təşəbbüsləri bu marşrutun yalnız fiziki deyil, həm də rəqəmsal baxımdan modernləşdirilməsinə yönəlib.
Bu prosesdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi xüsusi strateji əhəmiyyət daşıyır. Çünki iki ölkənin nəqliyyat əlaqələrinin mühüm hissəsi Xəzər üzərindən qurulur və dənizdəki dəyişikliklər limanların və yükdaşımaların səmərəliliyinə birbaşa təsir göstərə bilər.
Ümumilikdə, son bir həftənin məlumatları Azərbaycan və Türkmənistanın əməkdaşlığının getdikcə daha çox enerji, nəqliyyat, rəqəmsal bağlantı üçbucağı ətrafında formalaşdığını göstərir. Türkmənistan enerji və tranzit potensialı ilə, Azərbaycan isə Xəzərin qərb sahilindəki nəqliyyat infrastrukturu və beynəlxalq bağlantıları ilə bu sistemin əsas halqalarını təşkil edir.
Bu mənzərədə Azərbaycan-Türkmənistan münasibətləri artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Türkiyə və Avropa xəttinin formalaşması kontekstində qiymətləndirilir. Azərbaycanın tranzit rolunun, Türkmənistanın isə enerji və logistika potensialının artması bu əməkdaşlığın regional əhəmiyyətini daha da yüksəldir."
İbrahim Məmmədli