Müəllim gənc nəslin dünyagörüşünün formalaşmasına mühüm rol oynayır-Özəl

"Müəllim əməyi cəmiyyətin gələcəyinin formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Müəllim yalnız bilik və bacarıq aşılayan pedaqoq deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün, milli-mənəvi dəyərlərinin və vətəndaşlıq mövqeyinin formalaşmasına mühüm təsir göstərən şəxsdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclsin deputatı Ceyhun Məmmədov deyib: "Təhsilə, elmə və maarifçiliyə verilən önəm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Çünki davamlı inkişaf edən və güclü dövlətin ən mühüm dayaqlarından biri savadlı, yüksək intellektə, sağlam dünyagörüşünə və güclü vətəndaşlıq mövqeyinə malik nəsildir. Bu nəslin yetişdirilməsində isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Azərbaycanın dövlətçilik tarixində təhsil və maarifçilik məsələlərinə hər zaman xüsusi diqqət yetirilib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasətində elm və təhsil mühüm yer tutub. Bu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil imkanlarının genişləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və insan kapitalının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Təhsilin inkişafı ilə yanaşı, müəllim nüfuzunun qorunması və cəmiyyətdə müəllim əməyinə verilən dəyərin artırılması da xüsusi əhəmiyyət daşıyır. Çünki müəllim bu gün yalnız bir şagirdə deyil, bütövlükdə gələcək cəmiyyətə təsir göstərir. Bu baxımdan müəllim əməyinə verilən qiymət həm də ölkənin gələcəyinə verilən qiymətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31