Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət görüşünə sədrliyi bu formata əlavə təkan verəcək - Şavkat Mirziyoyev
12:47 SiyasətAzərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət görüşünə sədrliyi bu formata əlavə təkan verəcək.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.
"Əminəm ki, Azərbaycan tərəfinin rəhbərliyi ilə formatımız çərçivəsində işlərə əlavə təkan veriləcək, qardaşlıq əməkdaşlığı birlik, etimad və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək", - deyə o bildirib.
Mirziyoyev Azərbaycanın iştirakı ilə Mərkəzi Asiya ölkələrinin Məşvərət görüşünün tarixi əhəmiyyət daşıdığını qeyd edib.
"Bugünkü görüşümüz xüsusi əhəmiyyət daşıyır. Bu görüş ilk dəfə qardaş Azərbaycanla birlikdə keçirilir", - deyə o bildirib.
Mirziyoyev Türkmənistanın uğurlu sədrliyini xüsusi qeyd edib.
"Bu il ərzində bir çox mühüm məsələlər üzrə regional əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olduq və konkret razılaşmalar əldə etdik. Son illər Mərkəzi Asiya əhəmiyyətli dərəcədə dəyişib. Ölkələrimiz arasındakı münasibətlərin atmosferi də dəyişib. Daha tez-tez görüşməyə, məsələləri açıq şəkildə müzakirə etməyə, həll yolları tapmağa və bir-birimizi dəstəkləməyə başlamışıq. Məşvərət görüşlərimiz bu prosesdə mühüm rol oynayıb. Bu formatı yaradarkən sadə bir anlayışdan çıxış edirdik: Mərkəzi Asiyanın rifahı və təhlükəsizliyi birbaşa dövlətlərimiz arasında etimaddan asılıdır. XXI əsrdə Mərkəzi Asiyanın dostluğu, mehriban qonşuluğu və inkişafı naminə əməkdaşlıq haqqında müqavilənin bağlanması prosedurunun başa çatdırılması tarixi hadisə oldu. Bununla belə, biz mürəkkəb və ağır strukturlar yaratmağa çalışmırıq. Bizə qarşılıqlı hörmət, etimad və praqmatizm əsasında güclü, suveren və müstəqil dövlətlərin əməkdaşlıq etdiyi çevik və aydın format lazımdır. Məhz bu yanaşma artıq öz nəticəsini verib", - deyə o bildirib.
Mirziyoyev Özbəkistanın təşəbbüsü ilə yaradılması təklif olunan kritik minerallar üzrə regional alyansın formalaşdırılması istiqamətində işi də sürətləndirməyi təklif edib. Onun sözlərinə görə, ilk addımlardan biri Mərkəzi Asiyanın kritik minerallar ehtiyatlarının vahid rəqəmsal xəritəsinin hazırlanması ola bilər. O qeyd edib ki, belə bir resurs regionun potensialı haqqında daha dolğun təsəvvür yaradacaq və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın bu istiqaməti birgə inkişaf etdirməyə hazır olduğunu beynəlxalq investorlara göstərəcək.
"Digər böyük məsələlər bloku texnoloji inkişafla bağlıdır. Süni intellekt və böyük məlumatlarla iş artıq sənayeni, nəqliyyatı, energetikanı, kənd təsərrüfatını, təhsili və dövlət idarəçiliyini dəyişir. İqtisadiyyatlarımızın məhsuldarlığı və gələcəkdə rəqabət aparmaq qabiliyyətimiz böyük ölçüdə bu texnologiyalardan asılı olacaq. Bununla yanaşı, rəqəmsal layihələr çox vaxt iri infrastruktur tikintilərindən daha sürətli nəticə əldə etməyə imkan verir. Buna görə də ölkələrimizin imkanlarını birləşdirməyi və vahid hesablama infrastrukturunun yaradılmasına başlamağı təklif edirəm. Bunun əsasını milli məlumat mərkəzlərinin bir-biri ilə əlaqələndirilmiş şəbəkəsi təşkil edə bilər. Bu, hesablama imkanlarından daha səmərəli istifadə etməyə, öz rəqəmsal məhsullarımızı inkişaf etdirməyə və süni intellekt sahəsində iri layihələr üçün şərait yaratmağa imkan verəcək.
Lakin yalnız infrastruktur kifayət deyil. Eyni zamanda mütəxəssislərə, elmi tədqiqatlara və güclü texnologiya şirkətlərinə ehtiyacımız var. Buna görə də konkret istiqamətlər üzrə kadr hazırlığına dair birgə proqramlara başlamağı, elmi layihələri dəstəkləməyi və texnoloji sahibkarlıq üçün daha geniş imkanlar yaratmağı təklif edirik. Və nəhayət, regionumuzun gələcəyi üçün ən mühüm məsələlərdən biri insanlardır. Ölkəmiz böyük demoqrafik potensiala malikdir. Əhali artır, gənclərin sayı çoxalır. Gələcəyimiz, iqtisadiyyatın 20, 10 və 30 il sonra necə olacağı böyük ölçüdə gənclərin təhsilinin və peşə hazırlığının keyfiyyətindən asılıdır. Bunu yadda saxlamalıyıq. Buna görə də təhsil və gənclərə dəstək əməkdaşlığımızda xüsusi yer tutmalıdır.
Sabah iqtisadiyyatımızda hansı mütəxəssislərə ehtiyac olacağını daha yaxşı başa düşməliyik. Bunun üçün tələbat olan peşə və bacarıqlar üzrə regional atlas hazırlamağı təklif edirik. Burada ölkələrimizin artıq bu gün mütəxəssis çatışmazlığı hiss olunan və yaxın illərdə tələbatın artacağı istiqamətlər üzrə proqnozlarını birləşdirmək olar. Bu, universitetlərə və peşə təhsili müəssisələrinə iqtisadiyyatlarımızın real tələbatını əvvəlcədən nəzərə almağa imkan verəcək. Gələcəkdə regionumuzun bir neçə ölkəsində eyni vaxtda həyata keçirilən konkret iri layihələr üçün kadr hazırlaya biləcəyik. Beləliklə, təhsil birbaşa sənayenin, nəqliyyatın, energetikanın, rəqəmsal texnologiyaların və digər sahələrin inkişafı ilə əlaqələndiriləcək.
Hörmətli dövlət başçıları! Son illər ərzində çox şeyə nail olmuşuq. İndi bu dəyişiklikləri möhkəmləndirmək və əməkdaşlığımızı onilliklər boyu dayanıqlı etmək vacibdir. Formula sadədir - inkişaf və təhlükəsizlik naminə həmrəylik və etimad. Regionumuzu gələcək nəsillərə necə ötürəcəyimiz üçün məsuliyyət daşıyırıq. O, dinc, təhlükəsiz, iqtisadi cəhətdən güclü olmalı, insanlara layiqli yaşamaq, işləmək, təhsil almaq və övlad böyütmək imkanı verməlidir. Fürsətdən istifadə edərək Azərbaycanı Məşvərət görüşlərinə sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm", - deyə o bildirib.