Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq prespektivləri kifayət qədər genişdir-Özəl
12:40 SiyasətAzərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu siyasətin tərkib hissəsi kimi Türkmənistan ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, Azərbaycan və Türkmənistan arasında əlaqələrin kökündə Azərbaycan və türkmən xalqları arasında mövcud olan tarixi, mədəni, etnik, dil və dini ortaqlıqlar dayanır: " 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə"yə uyğun olaraq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib. Hazırda iki ölkə arasında əməkdaşlıq prespektivləri kifayət qədər genişdir. 2026-cı ildə imzalanmış yeni sənədlər göstərir ki, münasibətlər yalnız siyasi-diplomatik müstəvidə deyil, enerji, nəqliyyat, ticarət, logistika, sənaye və kənd təsərrüfatı istiqamətlərində də institusional olaraq dərinləşdirilir. Ən böyük potensial sahələrdən biri enerji sahəsidir. 2026-cı ilin iyununda iki ölkə arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb və həmin saziş avqustda Azərbaycan tərəfindən təsdiqlənib.
Türkmənistan qazının Azərbaycan üzərindən regional və Avropa bazarlarına çıxarılması, Xəzər hövzəsində enerji layihələrinin inkişafı, elektrik enerjisi sahəsində əməkdaşlıq kimi prespektivlər mövcuddue ki, burada Azərbaycanın üstünlüyü onun Cənubi Qafqaz və Avropa enerji bazarlarına çıxış imkanları, Türkmənistanın isə böyük enerji resurslarıdır.
Bundan başqa, Xəzər Azərbaycan və Türkmənistanı fiziki olaraq bir-birinə bağlayan əsas platformadır. Buna görə limanlar, gəmiçilik, yükdaşıma, logistika və dəniz infrastrukturunun inkişafı ikitərəfli münasibətlərin strateji istiqamətlərindən biri olaraq qalacaq. Azərbaycan Xəzərin qərb sahilində, Türkmənistan isə şərq sahilində tranzit qovşaqları formalaşdırır.
Ən mühüm məqam odur ki, 2026-cı ildə artıq enerji, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, gömrük, səhiyyə, əmək və xarici siyasət üzrə çoxsaylı yeni sənədlər imzalanıb. Bu, münasibətlərin sadəcə siyasi yaxınlıqdan praktik iqtisadi tərəfdaşlığa keçməsi üçün institusional baza yaradır".