İdeoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir-Özəl

"Azərbaycan öz tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib, xalqımızın uzun illər gözlədiyi tarixi məqsədlər həyata keçirilib. Lakin hər bir böyük Zəfər yeni vəzifələr və daha böyük məsuliyyət yaradır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı deyib: "Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışının əsas mahiyyəti də məhz yeni dövrdə dövlətimizin qarşısında duran strateji vəzifələrin müəyyənləşdirilməsi idi.Prezident İlham Əliyevin çıxışında hərbi təhlükəsizliklə yanaşı, xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri ideoloji təhlükəsizlik oldu. Bu məsələ təsadüfi deyil. Çünki XXI əsrdə dövlətlərin təhlükəsizliyinə təhdidlər yalnız sərhədlərdən, silahlı münaqişələrdən və hərbi təxribatlardan gəlmir.

Müasir dövrdə informasiya özü böyük gücə çevrilib. İnternet, sosial media, süni intellekt və yeni kommunikasiya texnologiyalarının inkişafı dünyanın informasiya mənzərəsini tamamilə dəyişib. Bu gün dünyanın istənilən nöqtəsində hazırlanmış məlumatlar saniyələr ərzində milyonlarla insana çata bilir. Doğru məlumatla yanaşı, yalan və manipulyativ informasiya da eyni sürətlə yayılır. Ona görə Prezident İlham Əliyevin ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib sahə kimi qiymətləndirməsi müasir dünyanın reallıqlarından irəli gələn mühüm çağırışdır.

İdeoloji risklərin sərhədi yoxdur. Xaricdə yaradılmış Azərbaycan dilli müxtəlif informasiya resurslarının fəaliyyət məqsədləri və yaydıqları məlumatların etibarlılığı da daim diqqətlə qiymətləndirilməlidir. Azərbaycan cəmiyyətinin, xüsusilə gənclərin dezinformasiya və manipulyasiyadan qorunması yalnız qadağalarla deyil, ilk növbədə güclü milli informasiya mühitinin yaradılması, media savadlılığının artırılması və faktlara əsaslanan çevik kommunikasiya ilə mümkündür. Məhz burada Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının üzərinə mühüm vəzifələr düşür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31