Yeni mərhələnin çağırışları və qarşıdakı hədəflər-Özəl

"Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə olmaqla yanaşı, ölkəmizin qarşısında dayanan yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qurultayın əhəmiyyəti yalnız Yeni Azərbaycan Partiyasının növbəti inkişaf mərhələsi ilə məhdudlaşmır. Burada səsləndirilən fikirlər Azərbaycanın keçdiyi yolun siyasi qiymətləndirilməsi, əldə olunan tarixi nailiyyətlərin mahiyyətinin dərk edilməsi və qarşıdakı dövr üçün əsas prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm istiqamətlər ortaya qoyur"."Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Qədirova deyib: "Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı bu baxımdan xüsusilə diqqətçəkəndir. Dövlət başçısının nitqində Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, hərbi qüdrətimizin artırılması, iqtisadi inkişaf, sosial rifah, Qarabağ və Şərqi Zəngəzurun bərpası, xarici siyasət, ideoloji təhlükəsizlik və partiyanın gələcək fəaliyyəti ilə bağlı mühüm mesajlar öz əksini tapıb.
Bu qurultayın ən mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Bu faktın özü Azərbaycanın son onilliklər ərzində keçdiyi yolun necə böyük tarixi dəyişikliklərlə müşayiət olunduğunu göstərir.
Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm siyasi missiya həyata keçirib. Bu mənada Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın bugünkü uğurlarının başlanğıcında Yeni Azərbaycan Partiyasının təsis qurultayının dayandığını xüsusi qeyd etmək lazımdır.
Onun sözlərinə görə,Yeni Azərbaycan Partiyasının yaradılması təsadüfi siyasi hadisə deyildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Ermənistanın torpaqlarımıza qarşı təcavüzü, ölkə daxilində siyasi böhran, hakimiyyət böhranı, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşməsi cəmiyyət qarşısında böyük suallar doğururdu: "Belə bir mürəkkəb tarixi şəraitdə xalqın böyük əksəriyyətinin Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını tələb etməsi əslində dövlətin xilası və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi tələbi idi.Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ölkənin parçalanmasının qarşısını aldı, dövlət idarəçiliyində sabitlik yaratdı və Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafının möhkəm təməlini formalaşdırdı. Onun siyasi uzaqgörənliyi, qətiyyəti və dövlətçilik iradəsi Azərbaycanın ən mürəkkəb dövrlərindən birini geridə qoymasına imkan verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31