YAP-ın vəzifələri sırasında ideoloji fəaliyyətin gücləndirilməsi xüsusi yer tutur-Özəl

"YAP-ın VIII Qurultayının əvvəlki qurultaylardan fərqləndirən əsas xüsusiyyətlərindən biri Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi reallıqda keçirilməsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Kürdəmir rayon təşkilatının sədri  Ayaz Cəbrayılov deyib: "2020-ci ildəki Zəfərdən sonra yaranan reallıqların bu gün beynəlxalq səviyyədə qəbul edilməsi Azərbaycanın keçdiyi yolun miqyasını göstərir.  Bu yolun ən mühüm nəticələrindən biri 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasıdır.  44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Müharibə zamanı ölkəyə müxtəlif istiqamətlərdən təzyiqlər göstərilsə də, Azərbaycan öz yolundan dönmədi. Dövlət-xalq birliyi bu sınağın ən mühüm dayaqlarından biri oldu. 8 Noyabr - Zəfər Günü ilə yanaşı, 20 Sentyabr da Azərbaycanın müasir tarixində xüsusi yer tutur. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra separatizmə son qoyuldu, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi.  Məhz bu baxımdan VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi toplantı olmaqla yanaşı həm də Azərbaycanın keçdiyi Zəfər yolunun siyasi nəticələrinin qiymətləndirilməsi və qarşıdakı strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələr sırasında ideoloji fəaliyyətin gücləndirilməsi də xüsusi yer tutur. Partiyanın fəalları Azərbaycanın reallıqlarının, əldə olunan uğurların və həyata keçirilən dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılmasında mühüm rol oynayırlar. İnformasiya müharibəsinin getdikcə daha böyük əhəmiyyət qazandığı müasir dövrdə Azərbaycanın uğurlarının beynəlxalq və daxili ictimaiyyətə obyektiv şəkildə təqdim olunması mühüm siyasi və ideoloji vəzifədir. YAP-ın çoxsaylı üzvləri və fəalları bu prosesdə dövlət siyasətinin ictimai dayaqlarının möhkəmləndirilməsinə töhfə verirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31