Prezidentin çıxışı YAP üçün yeni məsuliyyət mərhələsinin başladığını göstərdi- ÖZƏL

"Yeni Azərbaycan Partiyasının VIII qurultayı partiyanın və Azərbaycanın siyasi tarixində mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni tarixi şəraitdə keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Prezident İlham Əliyevin qurultayda etdiyi çıxışı ilə YAP-ın keçmişinə nəzər salmaqla kifayətlənmədi. Dövlət başçısı həmin çıxışında Azərbaycanın keçdiyi inkişaf yolunu, əldə etdiyi tarixi nailiyyətləri və qarşıda duran yeni vəzifələri geniş şəkildə dəyərləndirdi.
Qurultay çıxışının əsas məzmununu bir neçə istiqamətdə ümumiləşdirmək olar. Prezident YAP-ın yaradılmasının xalqın tələbi olduğunu vurğuladı. Bu fikir partiyanın sosial və siyasi mahiyyətini ifadə edir. YAP kabinetlərdə, dar siyasi çevrələrdə və ya şəxsi maraqlar əsasında formalaşmış təşkilat deyil. O, xalqın ağır böhran şəraitində dövlətçiliyi qorumaq istəyindən doğan siyasi qüvvədir.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas istiqamətlərinin dəyişməz qaldığını bildirdi. Bu istiqamətlər müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadədir. Bu prinsiplər bir-birindən ayrı deyil, vahid dövlətçilik konsepsiyasının tərkib hissələridir.
Müstəqil siyasi qərarlar üçün iqtisadi güc, iqtisadi güc üçün sabitlik və güclü institutlar, dövlət təhlükəsizliyi üçün isə yüksək müdafiə qabiliyyəti tələb olunur. Azərbaycanın son illərdə əldə etdiyi uğurlar bu amillərin sistemli şəkildə həyata keçirildiyini göstərir.
VIII qurultay YAP-ın Qurtuluşdan Zəfərə, Zəfərdən isə suverenliyə uzanan siyasi yolunu təsdiqlədi. Partiyanın yaranmasının ilk mərhələsində əsas vəzifə dövlətin dağılmasının qarşısını almaq, müstəqilliyi qorumaq və sabitliyi bərqərar etmək idisə, bu gün Azərbaycanın qarşısında daha geniş inkişaf vəzifələri dayanır: Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışın sürətləndirilməsi; azad edilmiş ərazilərin müasir standartlar əsasında yenidən qurulması; iqtisadi artımın davamlı və inklüziv xarakter daşıması; insan kapitalının inkişafı; gənclərin dövlət idarəçiliyində rolunun artırılması; milli həmrəyliyin möhkəmləndirilməsi; Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi; dövlət institutlarının səmərəliliyinin artırılması; siyasi dialoqun və vətəndaş iştirakçılığının genişləndirilməsi.
Prezidentin çıxışı YAP üçün yeni məsuliyyət mərhələsinin başladığını göstərdi. Əgər əvvəlki illərdə əsas vəzifə müstəqil dövlətin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası idisə, bu gün əldə olunan tarixi imkanlardan səmərəli istifadə etmək əsas məsələdir. Bu baxımdan Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər partiyanın gələcək fəaliyyət proqramı kimi də qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31