Dövlət və qeyri-dövlət qurumu əməkdaşları üçün təlim keçirilib- ÖZƏL
10:22 SiyasətƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyasında dövlət və qeyri-dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə ixtisasartırma təlimləri keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, 21 qrup üzrə keçirilən təlimlərdə ümumilikdə 266 nəfər iştirak edib.
Təlim proqramı çərçivəsində iştirakçılar "Normayaratma fəaliyyəti", "Əmək qanunvericiliyinin praktiki məsələləri", "İnzibati icraat qanunvericiliyi", "Pensiya qanunvericiliyinin nəzəri və praktiki problemləri", "Hüquqi yazı", "Tədqiqat metodları", "Rəqabət qanunvericiliyi" və "Müqavilə hüququ" mövzularında mühazirələr dinləyib, həmçinin praktiki məşğələlərdə iştirak ediblər.
Proqramın sonunda imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara Ədliyyə Akademiyası tərəfindən şəhadətnamələr təqdim olunub. Təlimlərin nəticələrinə dair yekun hesabatlar isə aidiyyəti qurumlara təqdim ediləcək.