ƏVVƏL İNSAN OL! İNANCDAN ÖNCƏ İNSANLIQ... - Cavid İSMAYIL yazır  

Dünyada çox ciddi proseslər gedir. Bəzən ətrafımıza baxanda adama elə gəlir ki, insanlar yalnız bir-birindən deyil, öz insanlıqlarından da uzaqlaşırlar. Sanki mərhəmət azalır, sevgi zəifləyir, vicdanın səsi əvvəlki qədər eşidilmir. İnsanlar daha aqressiv, daha dözümsüz və daha amansız görünürlər. Bəlkə də yanılıram. Bəlkə dünya həmişə belə olub, sadəcə bu gün baş verənləri daha çox görürük. Amma bir həqiqət var ki, insanın içindəki yaxşılığın, mərhəmətin və vicdanın qorunmasına bu gün hər zamankından daha çox ehtiyacımız var.
Dünyanın dörd bir tərəfində özünü güclü hesab edən qüvvələr öz maraqları uğrunda insan həyatını heçə sayırlar. Dinindən, milliyyətindən, siyasi baxışından və dünyagörüşündən asılı olmayaraq insanlar öldürülür, uşaqlar atasız, analar övladsız qalır, şəhərlər dağıdılır, evlər viran edilir. İnsan həyatının qiyməti bəzən siyasi məqsədlərin, iqtisadi maraqların və geosiyasi hesablamaların qarşısında heçə endirilir. Bütün bunlara baxanda insanın ağlına istər-istəməz bir sual gəlir: Biz nə vaxtdan başqa bir insanın həyatını öz maraqlarımızdan daha aşağı tutmağa başladıq?
Ən qəribəsi isə budur ki, insanlıq adına danışanların sayı çoxdur. Müsəlman öz dininin mərhəmətindən, xristian sevgidən və insanın müqəddəsliyindən, yəhudi öz dini dəyərlərindən, buddist sülhdən və daxili rahatlıqdan danışır. Ateist, aqnostik və deist isə insan ağlını, vicdanı və dünyəvi əxlaqı önə çəkə bilər. İnanclarımız, dünyagörüşlərimiz və həyata baxışlarımız fərqli olsa da, bütün bu fərqlərin fövqündə bizi birləşdirən daha böyük bir həqiqət var - hamımız əvvəlcə insanıq.
Bəzən düşünürəm, görəsən, əsl insan olmaq üçün mütləq hansısa dinə mənsub olmaq lazımdırmı? Zənnimcə, xeyr.  Çünki, insanlığın ölçüsü yalnız insanın hansı dinə mənsub olması ilə müəyyən edilə bilməz. Eyni zamanda ateist, deist və ya başqa dünyagörüşünə sahib olmaq da insanın mərhəmətsiz və ya əxlaqsız olması demək deyil. İnsan öz davranışı ilə insanlığını göstərir. Başqasının haqqını qorumaqla, zəifə əl uzatmaqla, uşağa, qocaya, qadına, xəstəyə və hətta özündən tamamilə fərqli düşünən insana belə mərhəmət göstərməklə insan olduğunu sübut edir.
Bəlkə də Uca Yaradanın insanlığa verdiyi ən böyük sirr məhz budur - əvvəl insan ol! Sonra hansı dinə inanırsansa inan, hansı millətə mənsubsansa mənsub ol, hansı dünyagörüşünü daşıyırsansa daşı. Çünki insanlığın olmadığı yerdə ən gözəl dini sözlər belə öz mənasını itirə bilər. İnsan dilində mərhəmətdən danışıb əməldə qəddarlıq göstərirsə, onun sözlərinin nə dəyəri qalır? Əgər insan başqasının ağrısını görmürsə, onun fəryadını eşitmir və haqsızlıq qarşısında susursa, özünü hansı adla adlandırmasının nə əhəmiyyəti var?
Bütün böyük dini ənənələr insanın yaradılışına xüsusi məna verir. İnsan digər canlılardan fərqləndirilir, ona ağıl, vicdan və seçim haqqı verilir. Deməli, insan olmaq sadəcə bioloji varlıq olmaq deyil. İnsan olmaq həm də böyük məsuliyyətdir. Qarşımızdakı insanın ağrısını hiss edə bilmək, onun fəryadını eşitmək, haqsızlıq qarşısında susmamaq və yalnız özümüzün haqqını deyil, başqasının haqqını da düşünmək insan olmağın əsas göstəricilərindəndir.
Bəzən mənə elə gəlir ki, dünyada ən böyük böhran yalnız iqtisadi, siyasi və ya hərbi böhran deyil. Düşünürəm ki, müasir şəraitdə ən böyük böhran İNSANLIQ böhranıdır! 
İnsan siması itdikcə qəddarlıq artır, vicdan susduqca zorakılıq adiləşir, mərhəmət yox olduqca insan digər insanı sadəcə bir rəqəm, bir hədəf və ya öz maraqlarının qarşısında duran maneə kimi görməyə başlayır. İnsan öz daxilindəki mərhəməti itirdikcə zahirən insan olaraq qalır, amma mənəvi baxımdan insanlığından uzaqlaşır.
Bu yazını yazarkən isə bir sual yenidən məni düşündürür. Elə indi, bu an, bu saniyə görəsən dünyada nə qədər uşaq bir parça çörəyə möhtacdır? Nə qədər insan acından dünyasını dəyişir? Nə qədər insan çarəsiz vəziyyətdədir? Nə qədər ana övladının gözünün içinə baxıb ona verəcək bir tikə çörək tapa bilmir?
Məgər bütün bu insanların hamısı eyni dinə, eyni millətə və eyni dünyagörüşünə sahibdir? Təbii ki, xeyr.
Somalidə aclıqdan əziyyət çəkən müsəlman uşaqla Fələstində müharibənin qurbanına çevrilən müsəlman və İsraildə müharibənin qurbanına çevrilən yəhudi uşağın ağrısı eynidir. Onların dini fərqli olsa da, uşaqlıq, qorxu və itki qarşısında çəkdikləri ağrı eynidir. Təbrizdə, Suriyada və İraqda müharibə və zorakılığın qurbanına çevrilən insanların mənsubiyyəti fərqli ola bilər. Ukraynada bombalanaraq öldürülən uşaqlarla Əfqanıstanda yoxsulluğun və zorakılığın içində böyüyən uşaqların dini eyni deyil. Dünyanın müxtəlif yerlərində oğurlanan, istismara məruz qalan, aclıqdan ölən, müharibələrdə həyatını itirən uşaqların arasında müsəlman da var, xristian da var, yəhudi də var, buddist də var, hindu da var, heç bir dini inancı olmayan da var.
Bəs onların ortaq cəhətləri nədir? Hər şeydən əvvəl insan olmalarıdır. Onlar aclıq çəkirlər, müharibələrin və zorakılığın qurbanına çevrilirlər, öldürülürlər, oğurlanırlar, istismara məruz qalırlar, insan alverinin və orqan alverinin qurbanı olurlar, doğmalarını itirirlər və yaşamaq üçün mübarizə aparırlar.
Hər kəs anlamalıdır ki, uşağın harada doğulması onun yaşamaq haqqını dəyişmir. Onun hansı dinə inanması, hansı dildə danışması və hansı bayrağın altında yaşaması onun həyatının dəyərini azaltmır.
Bir uşağın göz yaşının dini yoxdur! Bir ananın fəryadının milliyyəti yoxdur! Aclığın dini yoxdur! Ölümün də! İnsanlıq anlamalıdır ki, bir uşağın qarşısında dayanan bütün zalımların qarşısında insan vicdanı dayanmalıdır. 
Deməli, məsələ yalnız hansı dinə mənsub olmaqda deyil, əsl məsələ əsl insan olmaqdır!
Bəlkə də bu gün dünyaya ən çox lazım olan yeni silahlar, yeni sərhədlər və yeni qarşıdurmalar deyil. Bizə daha çox əsl insan lazımdır. Elə insan ki, başqasının uşağının göz yaşında öz uşağının ağrısını görə bilsin. Elə insan ki, qarşısındakının dini, milliyyəti, dili və dünyagörüşü fərqli olsa belə onun həyatının öz həyatı qədər qiymətli olduğunu qəbul etsin. Elə insan ki, gücü zəifi əzməkdə deyil, zəifə əl uzatmaqda görsün. Elə insan ki, özündən fərqli olan hər kəsi düşmən hesab etməzdən əvvəl onun da bir insan olduğunu xatırlasın.
Çünki sonda bizi xilas edəcək olan nə adımız, nə titulumuz, nə sərvətimiz, nə də mənsub olduğumuz qrup olacaq. İnsan dünyaya hansı adla gəlməsindən asılı olmayaraq, onu ucaldan əsas xüsusiyyət vicdanı, mərhəməti və ədalət hissidir. İnsanlığın həqiqi ölçüsü başqasına nə qədər üstün olduğumuz deyil, bizdən zəif olana necə davrandığımızdır. Əsl güc də bəlkə elə buradadır - əlində imkan olduğu halda zülm etməmək, gücü çatdığı halda haqsızlıq etməmək və öz mənafeyindən əvvəl insan həyatının dəyərini düşünmək.
Ona görə bu gün hər birimiz özümüzdən əvvəl hansı dinə mənsub olduğumuzu, hansı millətdən olduğumuzu və hansı dünyagörüşünü müdafiə etdiyimizi soruşmamalıyıq. Əvvəlcə özümüzə daha sadə, amma daha ağır bir sual verməliyik:
Mən əsl insanam?
Bəlkə də dünyanın ən böyük çatışmazlığı yeni ideyalarda, yeni silahlarda və ya yeni siyasi sistemlərdə deyil. Bəlkə çatışmayan ən əsas şey insanın öz içində itirdiyi mərhəmətdir. Bəlkə də biz dünyanı dəyişməkdən əvvəl öz içimizdəki insanı qorumalıyıq. Çünki insan öz daxilindəki insanlığı itirəndə dünyanın ən böyük sərvətinə sahib olsa belə, mənəvi baxımdan yoxsullaşır.
Və bəlkə də bütün fərqlərimizin fövqündə bizi birləşdirən ən böyük həqiqət çox sadədir -
Əvvəl insan ol!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31