Xəzərdə yükdaşımalar artır: liman və infrastruktur problemi gündəmdə-ÖZƏL
16:02 Siyasət"Xəzər dənizində yükdaşımaların, xüsusilə taxıl ixracının artması Rusiya üçün alternativ logistika imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Qara dənizdə təhlükəsizlik risklərinin artması fonunda Xəzər marşrutu Rusiyanın ixracının bir hissəsini daha təhlükəsiz istiqamətə yönəltməyə imkan verir. Həştərxan və Olya limanlarında yük dövriyyəsinin 2026-cı ilin ilk 8 ayında 72 faiz artaraq 4,9 milyon tona çatması da bu istiqamətdə tələbin yüksəldiyini göstərir. Xüsusilə taxıl daşımalarının artması Rusiyanın Xəzər üzərindən İran, Azərbaycan və daha cənub bazarlarına çıxışını genişləndirə bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Bu proses Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi baxımından da əhəmiyyətlidir. Çünki Xəzər marşrutu dəhlizin şimal hissəsi ilə İran istiqamətini birləşdirən əsas həlqələrdən biridir. Rusiya üçün bu marşrutun inkişafı yalnız ixracın diversifikasiyası deyil, həm də Qərb istiqamətində yaranan logistika məhdudiyyətlərinin qismən kompensasiyası deməkdir. Lakin yük dövriyyəsinin artması hələ Xəzərin tammiqyaslı alternativ marşruta çevrildiyi anlamına gəlmir. Bunun üçün limanların, dəmir yolu bağlantılarının və Xəzər üzərindən gəmi parkının imkanları paralel şəkildə artırılmalıdır.
Xəzərin dayazlaşması isə bu prosesin qarşısında ciddi struktur problemidir. Suyun səviyyəsinin azalması xüsusilə iri tutumlu gəmilərin limanlara daxil olmasını çətinləşdirə, onların yükü tam yükləmədən hərəkət etməsinə və əlavə yükləmə-boşaltma əməliyyatlarına ehtiyac yarada bilər. Nəticədə həm daşınma müddəti uzanır, həm də ton başına logistika xərci artır.
Liman infrastrukturunun köhnəlməsi və dəmir yolu bağlantılarının zəifliyi də eyni nəticəyə gətirib çıxara bilər. Dənizdə yükdaşıma imkanları artsa belə, limandan son təyinat məntəqəsinə qədər dəmir yolu və avtomobil bağlantısı kifayət qədər səmərəli deyilsə, dəhlizin ümumi rəqabət qabiliyyəti zəifləyir. Buna görə Xəzərdə yükdaşımaların uzunmüddətli artımı üçün təkcə yeni gəmilərin istifadəyə verilməsi deyil, limanların dərinləşdirilməsi, terminalların modernləşdirilməsi, dəmir yolu xətlərinin genişləndirilməsi və sərhəd-keçid prosedurlarının sürətləndirilməsi vacibdir.
Əks halda, artan tələb Xəzər marşrutunda tutum çatışmazlığı yaradaraq daşınma xərclərini yüksəldə bilər. Yəni Xəzərin Rusiya üçün strateji əhəmiyyəti artır, amma bu üstünlüyün davamlı iqtisadi üstünlüyə çevrilməsi birbaşa infrastruktur yatırımlarından və dənizin hidrologiyasına uyğunlaşmadan asılı olacaq".
Zeynəb Mustafazadə