Azərbaycanın Zəfərinin əsas dayağı xalq-dövlət birliyi idi-Özəl
6 Oktyabr 14:38 Siyasət"Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə ilə yadda qalan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin keçdiyi tarixi yolun, əldə olunan nailiyyətlərin və qarşıda dayanan strateji hədəflərin geniş müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ölkənin son onilliklər ərzində keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, yeni geosiyasi reallıqlar şəraitində dövlət qarşısında dayanan prioritetləri də müəyyənləşdirib". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "Bu çıxış mahiyyət etibarilə Azərbaycanın siyasi tarixinin mühüm mərhələlərini, dövlətçilik fəlsəfəsini, Qarabağ Zəfərinin tarixi əhəmiyyətini, ölkənin artan beynəlxalq nüfuzunu və gələcək inkişaf istiqamətlərini özündə birləşdirən strateji mesajlar toplusu kimi diqqəti cəlb edir. VIII Qurultayın əvvəlki qurultaylardan əsas fərqlərindən biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilməsidir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ölkənin müasir tarixində dönüş nöqtəsi yaratdı. Uzun illər davam edən işğal və separatizm probleminə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarixi hadisəyə çevrilib. 20 Sentyabr da eyni dərəcədə mühüm siyasi və tarixi məna daşıyır. Məhz həmin gün Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində bərpası təmin edildi. Bu qələbələr yalnız hərbi nəticə ilə məhdudlaşmır. Azərbaycan uzun illər ərzində formalaşdırılmış geosiyasi status-kvonu dəyişdirdi, yeni reallıqlar yaratdı və bu reallıqların beynəlxalq müstəvidə qəbul edilməsinə nail oldu.
Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan bu tarixi nəticələrə mürəkkəb beynəlxalq şəraitdə, ciddi siyasi təzyiqlər fonunda nail oldu. Xarici təzyiqlər, müxtəlif informasiya kampaniyaları, siyasi təhdidlər və Azərbaycanın mövqeyinə qarşı aparılan kampaniyalar ölkənin seçdiyi yoldan dönməsinə səbəb olmadı. Bu mənada Azərbaycanın Zəfərinin əsas dayaqları xalq-dövlət birliyi, siyasi iradə, milli həmrəylik və güclü dövlətçilik modeli oldu".