Ölkəmiz sosial-iqtisadi inkişaf səviyyəsinə görə dünyanın qabaqcıl ölkələri sırasında yer alıb-Özəl
13:31 Siyasət"Ulu Öndərin siyasi kursunun əsasını dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlər təşkil edir. Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 illik fəaliyyəti dövründə Azərbaycan bu siyasi kursa uyğun irəliləyir və möhtəşəm uğurlar qazanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, İntizam komissiyasının sədri Eldar İbrahimov deyib: "Bu gün bütün dünya bilir ki, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində 30 ildən çox Ermənistanın işğalı altında olan torpaqlarımız azad edildi. Bununla da ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu və xalqımızın çoxdankı arzusu yerinə yetirildi. Bu həm də müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi haqqında irəli sürülən Heydər Əliyev siyasətinin parlaq qələbəsi və təntənəsidir. İndi bu istiqamətdə qarşıda duran digər bir mühüm məsələ Azərbaycan-Ermənistan sülh sazişinin bağlanmasıdır. Ulu Öndər hələ 4 iyul 2001-ci ildə Amerika Birləşmiş Ştatlarının milli bayramı - İstiqlaliyyət günü münasibətilə ABŞ-nin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqində demişdir: "Mən əminəm ki, Azərbaycan xalqı bu böyük yol ilə - müstəqillik yolu ilə, insan azadlıqları yolu ilə, bazar iqtisadiyyatı yolu ilə sürətlə irəliləyəcəkdir. Bütün bunlar üçün sülh lazımdır. Sülh, əmin-amanlıq üçün ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh lazımdır".
Ümummilli Liderin bu dahiyanə çağırışına uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Ermənistan sülh sazişinin mətni hazırlanaraq qarşı tərəfə təqdim edilmiş və ölkəmizin xarici siyasətində bu sazişin tezliklə imzalanması həm ikitərəfli görüşlərdə, həm də bütün beynəlxalq platformalarda vurğulanır. Respublikamızda son 33 ildə formalaşan və daim təkmilləşən siyasi fəaliyyət kursunun uğurla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmliyinə və dönməzliyinə heç bir şübhə yoxdur. Belə ki, ölkəmiz sosial-iqtisadi inkişaf səviyyəsinə görə dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Bölgədə bütün beynəlxalq layihələrin həyata keçirilməsi respublikamızın razılığı və iştirakı olmadan həyata keçirilə bilməz. Azərbaycan Respublikası yalnız bölgə ölkələri ilə deyil, həm də dünyanın aparıcı və nəhəng ölkələri ilə də hərtərəfli əməkdaşlıq edir. İndi Azərbaycan xaricdən investisiya cəlb edən ölkədən xaricə investisiya qoyan ölkə imici qazanıb. Artıq bir neçə ildir ki, dünyanın ən qlobal tədbirləri respublikamızın paytaxtı Bakı şəhərində keçirilir. Azərbaycan Respublikası beynəlxalq aləmdə yüksək reytinqə malikdir və fərəhli haldır ki, hörmətli Prezident İlham Əliyev çox nüfuzlu beynəlxalq forumlarda iştirak etmək üçün daim dəvət olunur. Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı qüdrətli Azərbaycan Respublikasının memarı olan Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs yaşayır və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".