Qurultay Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirdi-Özəl
12:22 Siyasət"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün əsas strateji prioritetləri də müəyyənləşdirir. Dövlətimizin başçısının çıxışı Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və ölkəmizin yeni tarixi mərhələyə qədəm qoymasında oynadığı müstəsna rolu bir daha aydın şəkildə ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla, həm də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar fonunda keçirilən ilk qurultay kimi tarixə düşür. Bu baxımdan qurultay yalnız partiyanın fəaliyyətinə dair məsələlərin müzakirə olunduğu siyasi platforma deyil, Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir.
Bu gün Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi cəmiyyətin aparıcı siyasi institutlarından biridir. Partiyanın yaranması Azərbaycan dövlətçiliyinin ciddi sınaqlarla üzləşdiyi, ölkənin idarəolunmaz vəziyyətə düşdüyü, torpaqlarımızın işğal olunduğu mürəkkəb bir tarixi mərhələyə təsadüf etmişdir. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən Azərbaycanın vətənpərvər və mütərəqqi insanları dövlətin gələcəyini düşünərək Yeni Azərbaycan Partiyasını yaratdılar. Bu, tarixi zərurətdən doğan ictimai sifariş idi.
Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycan siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə ölkəmizin parçalanmaq təhlükəsindən xilas edilməsində, dövlətçiliyin möhkəmləndirilməsində və sabitliyin təmin olunmasında həlledici rol oynadı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə siyasi və iqtisadi böhrandan çıxmağa, beynəlxalq təcriddən qurtulmağa və özünün inkişaf strategiyasını müəyyənləşdirməyə nail oldu.
Heydər Əliyevin siyasi irsinin ən mühüm xüsusiyyətlərindən biri dövlətçilik və milli maraqların bütün digər məsələlərdən üstün tutulmasıdır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü ordu və milli potensialdan səmərəli istifadə prinsipləri bu siyasi xəttin əsasını təşkil etmişdir. Bu gün həmin siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir".