Paşinyanın müdafiə nazirinin istefası tələb olundu – ÖZƏL
12:13 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanda müxalif "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan müdafiə naziri Suren Papikyanın istefasını tələb edib. Buna səbəb azərbaycanlı hərbçi Nəsimi Musayevin Şaki kəndinə daxil olaraq kənd sakini Ani Avetisyanı güllələyib yaralaması olub.(?) Karapetyanın sözlərinə görə, azərbaycanlı əsgər 5 gün ərzində Ermənistan ərazisində sərbəst hərəkət edib. Bu müddətdə isə müdafiə naziri "Vətəndaş Müqaviləsi" partiyasının idarə heyətinin üzvü kimi Lori vilayətində seçkiqabağı təşviqatla məşğul olub. Qeyd edək ki, hazırda həmin vilayətin bir sıra icmalarında yerli seçkilər keçirilir. Karapetyan müdafiə nazirinin partiya aktivisti olmasını anormal hesab edib. Onun fikrincə, quruma təcrübəli, ciddi keçmişi olan hərbçi rəhbərlik etməlidir.
"Aydındır ki, sizin naziriniz bu məsul vəzifənin öhdəsindən gəlmir. Nəhayət, onu çıxarın. Həm o, həm də siz başa düşürsünüz ki, bu adam öz yerində deyil. Son aylarda orduda nə qədər ölüm hadisəsi baş verib?! Müdafiə qabiliyyəti ilə bağlı ciddi problemləri olan Ermənistana peşəkar hərbçi lazımdır", - deyə siyasətçi bildirib.
O, həmçinin hakim fraksiyanı təhlükəsizlik problemlərinə göz yummaqda ittiham edib və Şaki hadisəsi müxalifət tərəfindən xatırlananda iqtidaryönlü deputatların istehza ilə reaksiya verdiyini qeyd edib.