Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər daxili və xarisi siyasət kursunda üstün istiqamətlərdən olacaq-Özəl
10:58 Siyasət"Tərəfdaşlıq asılılığa, əməkdaşlıq isə himayədarlığa çevrilməməli, Azərbaycan öz xarici siyasət prioritetlərini müstəqil müəyyən etməlidir. Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə formalaşmış xarici siyasət və milli təhlükəsizlik konsepsiyasının mühüm istiqamətlərini əks etdirir. Xarici siyasətimizin əsas prinsipi strateji müstəqilliyin qorunub saxlanılması və Azərbaycan öz milli maraqlarını xarici aktorların siyasi iradəsindən asılı vəziyyətə salmamaqla təmin etməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclsin deputatı Rizvan Nəbiyev deyib:
"2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın təzyiqlərə baxmayaraq siyasi kursunu dəyişmədiyini və qərarlarını sonadək həyata keçirmək iradəsini nümayiş etdirdi. "Qələbəmizlə fəxr edirik, cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik" fikirlərində qələbə nəticəni, cəsarət siyasi və milli iradəni, iradə isə həmin nəticəyə aparan strateji resursu ifadə edir. "İdeoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır" fikri milli təhlükəsizliyin hərbi və fiziki ölçülərlə məhdudlaşmadığını göstərir. İnformasiya, media, sosial şəbəkələr, mədəniyyət və digər kommunikasiya vasitələri ilə həyata keçirilə bilən xarici təsirlərə qarşı informasiya və ideoloji suverenliyin qorunması strateji əhəmiyyət daşıyır.
Ermənistanın arxasında müxtəlif qüvvələrin dayanması ilə bağlı mesaj Azərbaycanın potensial xarici təzyiqlərdən qorunmaq zərurətinə və çoxvektorlu diplomatiya yanaşmasına bağlıdır. Azərbaycan üçün balanslaşdırılmış xarici siyasətin əsas məqsədi müxtəlif dövlətlərlə münasibətlər qurmaqla yanaşı, strateji seçim imkanlarını və müstəqil qərarvermə qabiliyyətini qorumaqdır.
Prezident İlham Əliyevin bu fikirləri postmünaqişi dövrü daxili və xarisi siyasət kursunda üstün istiqamətlərdən olacaqdır.
İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq."