Ali Baş Komandanın Triumfu

... 2016-cı ilin "dörd günlük" Aprel döyüşlərində ordumuzun misilsiz qəhrəmanlığı Vətən müharibəsindəki Zəfərin başlanğıcı idi. Və güman edirəm ki, səlnaməçilərimiz Vətən müharibəsindəki qələbəmizin tarixini yazanda  bu döyüşləri hökmən xatırlayacaqlar.
 44 günlük Vətən Müharibəsi isə qələbəyə gedən uzun yolun finişi, Ali Baş Komandanın və onun əsgərlərinin Triumfu idi...
 ...Azərbaycanın dövlətçilik və hərb tarixində öz adını tarixə şərəflə yazmış dövlət başçılarımız və sərkərdələrimiz çox olmuşdur. Lakin onu da təəssüflə qeyd etmək lazımdır ki, tariximizin son yüzillikləri torpaqlarımızın itirilməsi ilə müşayət olunmuşdur. Bu dəfə isə əksinə oldu... 
... Sentyabr ayının 27-də növbəti erməni təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə bütün cəbhəyə boyu əks hücuma keçdi...
Sən demə zaman həmin gün imiş. Qarabağ uğrunda mübarizəni özünün məfkurə mübarizəsi hesab edən cənab Ali Baş Komandan bu mübaizədə qalib gələcəyinə əmin idi.  Bəli, O, Qarabağ məfkurəsini təkcə  bir bir qrupun, bir partiyanın, bir toplumun deyil, bütöv bir xalqın ideologiyasına çevirə bilibmiş. Sentyabrın 27-də Azərbaycanda hər kəs Qarabağlı oldu, əsgərindən  generalınadək, uşaqdan-böyüyədək, hamı bir nəfər kimi. Ən böyük Qarabağlı isə Ali Baş Komandan, Prezident İlham Əliyev idi. Hər kəs Qarabağ məfkurəsi uğrunda, mübarizəyə qoşulmuşdu. Hər kəsin ürəyi Qarabağla döyünürdü, hər bir Azərbaycanlının nəbzi Qarabağla vurudu. Səfərbərlik idarələrinin qarşısında cəbhəyə yollanmaq üçün könüllülər növbəyə dayanmışdı. Hamı bu günü gözləyirmiş. Şairin şeirinin misrasından əsgər çəkmələrinin səsi, musiqiçilərimizin nəğmələrindən avtomat gülləsinin ritmi eşidilirdi. Bir sözlə bütün Azərbaycan və azərbaycanlılar başda Qarabağ məfkurəsinin yaradıcısı, Ali Baş Komandan İlham Əliyev olmaqla nəfəsini Qarabağla alırdı. Bunların hamısı amal uğrunda, məslək uğrunda, mübarizədə insanların ifadə forması idi:
İndi 44 günlük müharibə arxada qalıb. Biz müqəddəs "Vətən Müharibəsi"nin ağrı-acılarını hələ uzun müddət içimizdə, qəlbimizdə, beynimizdə, yaddaşlarımızda yaşadacağıq. Şahidlərimiz şəhidlərimizin, qazilərimizin, fədailərimizin igidliyindən, qəhrəmanlığından, ölməzliyindən danışdıqca bu qələbənin necə başa gəldiyini daha dərindən dərk edirik. Müharibə günlərində sosial şəbəkələrdə bir xəbər paylaşılmışdı. Həmin sətirləri oxuduqca düşünürdüm. Bax budur Qarabağ məfkurəsi uğrunda, Qarabağ məsləki uğrunda mübarizənin təcəssümü, ifadəsi. Həmin sətirləri oxuduqca insanın qanı donurdu. Yox təkcə donmurdu, həm də coşurdu. Mən həmin sətirləri olduğu kimi by yazıya daxil edirəm: "Bu müharibədə canlı olaraq nələr gördük? Öz oğlunun tabutu qabağında oynayan ana, öz nişanlısının ölümündən sonra intihar edən qız, öz ərinin cənazəsini çiynində daşıyan qadın, öz qızının bağırsaqlarını hönkürə-hönkürə yerdən yığan ata, öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana, əli, qolu olmaya- olmaya mən vətən üçün heç nə edə bilmədim deyən qəhrəman, ürəyində qəlpə ola-ola canım qurban bu vətənə deyən əsgər, əsgərinə bu mənim qardaşımdır deyən general, öz oğlunun məzarında Xocalı qisası almısan buna görə ağlamıram deyən ana, can verəndə qızım üçün darıxıram deyən əsgər, öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər, oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana, hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər, özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər, siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb Polad Həşimovun qisasın alan əsgər, yırtıq ayaqqabı ilə "ASAN" xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən qoca kişi,  oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul" deyən ana, sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə, döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçiləri ilə dalaşan oğullar, döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar, canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar," bir gündə iki oğlunun cənazəsini torpağa tapşıran ata, iki oğlundan birini dəfn edib, evə qayıdanda ikinci oğlunun cənazəsini qarşılayan ana. Şuşada əlbəyaxa döyüşdə əli silaha çatmayanda dişi ilə düşmənin damarını parçalayan aslan igidlər, yaralanıb zorla ayağa duran və düşməni öz əlləri ilə cəhənnəmə vəsil edən, öz döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atan  Azərbaycan Əsgəri.    Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, başda Türkiyə olmaqla ona dəstək və qardaş olan ölkələr.
Hər gün yeni tarix yazılırdı. 44 gün ərzində bu məfkurə uğrunda mübarizəyə 30 illik bir tarix sığışırdı. Kəndlər, şəhərlər bir-bir azad edildikcə, hər bir azərbaycanlıda yeni bir ovqat, yeni bir istək, yeni bir arzu yaranırdı. Azərbaycan vətəndaşının ürəyi köksünə sığışmırdı, sevincdən sıyrılıb çıxırdı insanın köksündən.    ..        
Ali Baş Komandan İlham Əliyev həmin günlər bir neçə cəbhədə döyüşür, hər gün hücum planını özü qurur, döyüşün nəticələrini təhlil edir, komandanı özü verir, döyüşü özü idarə edir, qələbə müjdəsini xaqla özü çatdırırdı. Onun bir sıra dövlət başçıları ilə aprdığı danışıqlar və dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələr nəinki ona rəğbəti olanları, hətta rəqiblərini və opponentlərini, onu tənqid edənləri öz biliyi, informasiyası, analitik təfəkkürü, diplomatik gedişləri və sərkərdəlik bacarığı ilə heyran və mat  qoyurdu. Qarabağ problemlərinin tarixi barədə gerçək məlumatları, bu barədə erməni uydurmalarını, problemin həllinə yönəlmiş cəhdlərin və danışıqların xronologiyasını, problemin həlli ilə əlaqədar BMT-Təhlükəsizlik Şurasının, ATƏT-in və onun Minsk Qrupunun həmsədrlərinin, beynəlxalq ictimaiyyətin riyakar, saxta mövqeyini bütün dünyaya bəyan edirdi. Uzun illər ərzində Ermənistan dövləti tərəfindən Azərbaycan üçün yaradılmış problemləri, Qarabağ probleminin və Ermənistanın istər regionda, istərsə də bütövlükdə dünyada sülh üçün nə qədər təhlükəli olduğunu aydın şəkildə, faktlarla izah edir, erməni yalanlarını, onların riyakarlıqlarını ikiüzlülüyünü, faşist mahiyyətini dünya ictimaiyyətini çatdıraraq onları ifşa edirdi. Riyakar, satqın, ikiüzlü, xəyanətkar  Ermənistan dövlətinin əsl mahiyyəti cənab İlham Əliyevin verdiyi müsahıbələr  nəticəsində hətta onlara rəğbət göstərən dövlətlər tərəfindən anlaşıqlıqla qarşılanırdı.
Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm bir tarix yazırdı. Əsgərlərimizin misilsiz rəşadəti və igidliyi nəticəsində 30 il əsarətdə olan Dağlıq Qarabağ və onun ətrafı işğaldan azad edirdi. Azərbaycan xalqının şərəf tarixi yazılırdı. Azərbaycan əsgəri bu tarixi misilsiz şücayəti, rəşadəti, igidliyi ilə, qanı və canı ilə yazırdı, millətin mənliyini, milli qürur hissini özünə qaytarırdı. 
44 günlük Vətən müharibəsinin Zəfərinin triumfu isə Qarabağın incisi Şuşanın azad edilməsi idi. Azərbaycan Prezidenti 2020-ci il oktyabrın 16-da Türkiyənin "A Heber" televiziya kanalına müsahibəsində demişdi: " İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Və mənim üçün hər bir şəhərin, hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar... Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna biz çalışmalıyıq. Buna biz nail olmalıyıq. Nə zaman bu olacaq, onu yaxın gələcək göstərər". Prezidentin bu müsahibəsindən sonra Şuşanın azad edilməsi uzun çəkmədi. Oktyabarın ortalarında əvvəlcə Cəbrayıl və Füzuli, sonra isə Hadrut işğaldan azad edildikdən sonra cəbhənin bütün istiqamətləri Şuşaya yönəlmişdi. Himnimizin 100 il bundan əvvəl yazılmış mətnində səslənən kimi Azərbaycanın Xüsusi təyinatlı qüvvələri, əsgər və zabitlərimiz, Azərbaycan gənci Vətən üçün, bayraq  üçün, torpaq üçün, Şuşa üçün "can verməyə hazır, qan tökməyə qadir" olduğunu qəhrəmanlıqla nümayiş etdirirdi. 28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi.  Azərbaycanın Əfsanəvi Xüsusi Təyinatlı Qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə aldılar. Onlar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölündülər. Yüngül silah və sursatlarla silahlanmış igidlərimiz təbii qala divarları rolunu oynayan yüsək  sıldırım qayalardan dırmaşaraq 7 noyabrda şəhərə daxil oldular. Şəhərdə yerləşən erməni qüvvələri əsgərlərimizin bu həmləsindən özlərini itrərək qaçmağa üz tutmuşdular və bir günün içində şəhər erməni qoşunlarının qalaıqlarından tamamilə təmizləndi. Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan silahlı qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bütün dünyaya bəyan etdi: "Əziz Şuşa sən azadsan"! "Əziz Şuşa biz qayıtmışıq", "Əziz Şuşa biz səni dirçəldəcəyik"!
Bu günlərdə cənab Prezidentimiz İlham Əliyevin istər müharibə dövründə, istərsə də müharibədən sonra müxtəlif tədbirlərdə, Qarabağa səfərləri zamanı verdiyi müjdələrini, bəyanatlarını, çıxışlarını, çağırışlarını, yenidən dinlədikcə, təhlil etdikcə, onun həmin anlarda hansı hisslər keçirdiyini duyduqca, bu möhtəşəm şəxsiyyətin nə qədər uca, nə qədər böyük, müdrik, qətiyyətli bir dövlət başçısı, sərkərdə olduğunu dönə-dönə təsdiq etməli olursan.Təkcə özünün Prezidentlik fəaliyyəti dövründə Cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün çox işlər görüb. Lakin bu işlərin içində ən möhtəşəmi Qarabağın qaytarılması, ərazi bütölüyümüzün bərpası və erməni separatçılarından birdəfəlik təmizlənməsidir. Zaman keçəcək, illər ötəcək, İlham Əliyevin adı və əməlləri yüz illər, min illər-  əbədiyyətəcən Qarabağla qoşa çəkiləcək, bu müqəddəs işlə birbaşa bağlı olacaqdır. Bu tarix həm də ona görə əlamətdardır ki, Azərbaycan, Prezidentı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Xalqı "Bir millət, iki dövlət" olan qardaş Türkiyə, Türkiyə xalqı, Türkiyənin Prezidenti Sayin Rəcəb Tayyib Ərdoğanla, tarixdə indiyədək misli olmayan birlik nümayiş etdirməklə, onların mənəvi və siyasi dəstəyi ilə birlikdə yazdılar.            
Cənab İlham Əliyev son 30 illik Azərbaycan xalqının və dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı, Qalib Sərkərdə və Dövlət Başçısı kimi daxil oldu və bu misilsiz Qələbə ilə əbədiyyət qazandı.          
Xalqımız  Vətən Müharibəsində Böyük Qələbənin altıncı ildönümü astanasındadır. Bu əlamətdar gün ərəfəsində Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Qazilərimizə sağlamlıq arzulayır, qəhrəman döyüşçülərimizə var olun deyirik.    
Zəfərin mübarək Azərbaycan!
                                                                                                                Ramiz Göyüş
                                                                                                               Yazıçı-Publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31