Zeynal Əmrəliyev: “Qondarma televiziyanın bağlanması çoxdan baş verməli idi” – ÖZƏL

Məhv olmuş keçmiş qondarma rejimin "Artsax TV" adlı "televiziya kanalı" fəaliyyətini dayandırıb. Bu barədə kanalın "direktoru" Hrayr Avetisyan sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, kanal hazırkı heyətlə fəaliyyətini yekunlaşdırır və platformadan istifadə hüququ başqa bir QHT-yə verilib. Qeyd edək ki, "Artsax TV" Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş ləğv olunmuş qanunsuz qurumun təbliğat ruporu kimi çıxış edib.

"Belə bir qondarma televiziyanın fəaliyyətini dayandırması çoxdan baş verməli idi və bununla bağlı müvafiq addımlar atılmalı idi. Belə bir qurum mövcud deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan keçirdiyi haqlı antiterror əməliyyatı nəticəsində bu qurumun ümumiyyətlə varlığına son qoyub. Zatən bu qurum qondarma şəkildə fəaliyyət göstərirdi. Dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən belə tanınmırdı. Belə olan halda onunla bağlı hansısa informasiya resursunun fəaliyyət göstərməsi də düzgün deyildi. Zaman-zaman, bəli, Ermənistan mediasında da bu məsələni qabartmağa çalışırlar. Biz indi Ermənistan mediasını izləyirik və orada bəzi açıqlama verən şəxslərin bu məsələni gündəmə gətirməyə çalışdığını görürük. Ancaq bunun artıq reallaşmayacağını, bunun sadəcə bir xəyal olduğunu və Ermənistana nə qədər ziyan vurduğunu, Ermənistanı neçə illər geri atdığını, Ermənistanın müstəqil dövlət kimi varlığını nə dərəcədə təhlükə altına atdığını hər kəs aydın şəkildə görüb. Ermənistanın özünü müstəqil dövlətçilikdən məhrum edərək başqa bir ölkənin forpostuna necə çevirdiyini də bu illər ərzində hər kəs açıq şəkildə gördü. Buna görə də kimsə yenidən belə məsələləri qabartmaq istəyirsə, əlbəttə ki, bunlar Ermənistanda Ermənistanın ziyanına işləyən qüvvələrdir.

"Qaldı ki, bu, dırnaqarası media qurumunun öz platformasını başqa bir QHT-yə təhvil verməsinə, bundan heç nə dəyişməyəcək. Sadəcə olaraq, ola bilər ki, indi müəyyən dərəcədə fikirlər səsləndirə bilərlər, boş və mənasız iclaslar keçirə bilərlər, hansısa formada bunu gündəmə gətirmək istəyə bilərlər. Ancaq heç bir halda bu məsələnin real nəticəsi ola bilməz. Çünki Azərbaycan dövləti qətiyyətli şəkildə öz ərazi bütövlüyünü qoruyub saxlayır. Bir daha belə bir halın baş verməsi mümkün deyil. Azərbaycan xalqı öz suveren ərazilərinə sahib çıxır, öz tarixinə sahib çıxır və bunu bütün dünyaya bir daha nümayiş etdirir. Əgər kimsə yenidən revanş göstərməyə cəhd edəcəksə, əlbəttə ki, Azərbaycan tərəfindən, Azərbaycan Ordusu tərəfindən onun qarşısı alınacaq", - deyə siyasi şərhçi qeyd edib. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31