Ermənistan İranla ticarəti davam etdirə biləcəkmi?-Sanksiya riski artır- ÖZƏL
16:19 Siyasət"ABŞ-nin İrana qarşı sanksiyaları sərtləşdikcə Ermənistan üçün əsas problem İranla iqtisadi əlaqələri tam dayandırmaq deyil, bu əlaqələrin hansı hissəsinin ABŞ-nin ikinci dərəcəli sanksiyaları ilə riskə düşəcəyini müəyyənləşdirmək olacaq. Oktyabrın 1-də ABŞ Maliyyə Nazirliyi İranın avtomobil, dəmir yolu, istehsal və polad sektorlarına qarşı yeni tədbirlər elan edib. Avqust ayında isə aviasiya, rəqəmsal aktivlər, qızıl, gəmiçilik və texnologiya sektorlarına dair yeni sanksiya qərarları qəbul edilmişdi.
Bu vəziyyətdə Ermənistanın İranla ticarətinin müəyyən hissəsində bank əməliyyatları, logistika, sığorta və ödənişlər üzrə risklər arta bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Xüsusilə ABŞ maliyyə sistemi ilə əlaqəsi olan bank və şirkətlər İran tərəfi ilə əməliyyat apararkən ikinci dərəcəli sanksiyalara məruz qalmaq ehtimalını nəzərə almalı olacaqlar. Bu isə Ermənistan-İran ticarətinin hüquqi baxımdan tam qadağan olunması demək deyil, lakin əməliyyatların maliyyələşdirilməsini və ödənişlərin həyata keçirilməsini çətinləşdirə bilər.
İrəvanın mövqeyi də göstərir ki, Ermənistan bu riskləri artıq qiymətləndirir. Nikol Paşinyan avqustun 27-də yeni sanksiyaların Ermənistan-İran iqtisadi əlaqələrinə konkret təsirini müəyyənləşdirmək üçün sənədlərin ayrı-ayrı müddəalarının araşdırıldığını bildirib. Eyni zamanda sentyabrın 24-də Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşərək iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib. Bu, İrəvanın İranla iqtisadi əlaqələrdən tam imtina etmək niyyətində olmadığını göstərən faktlardan biridir.
Ermənistanın manevr imkanları müəyyən qədər var. Ölkə İranla qonşu olduğu üçün quru ticarəti, enerji və regional nəqliyyat baxımından Tehranla əlaqələrin iqtisadi əhəmiyyəti böyükdür. Digər tərəfdən, Ermənistan ABŞ və Avropa ilə əlaqələrini də sürətlə genişləndirir. Paşinyan sentyabrda Ermənistanın həm ABŞ, həm də Avropa İttifaqı ilə strateji tərəfdaşlıqları olduğunu və hökumətin balanslaşdırılmış xarici siyasəti davam etdirəcəyini bildirib.
Lakin sanksiyaların miqyası genişləndikcə bu balansı qorumaq çətinləşə bilər. ABŞ artıq yalnız İranın daxilindəki şirkətləri deyil, xarici ölkələrdə İranla əməkdaşlıq edən təchizatçı və vasitəçiləri də hədəfə alır. Buna görə Ermənistanın əsas imkanlarından biri İranla qanuni və sanksiyalardan azad edilmiş sahələrdə əməkdaşlığı saxlamaq, yüksək riskli əməliyyatlarda isə daha ehtiyatlı davranmaqdır.
Burada Ermənistanın ABŞ ilə yeni strateji əməkdaşlığı da nəzərə alınmalıdır. Vaşinqtonla TRIPP layihəsi çərçivəsində iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlıq dərinləşir. Buna görə İrəvan üçün məsələ sadəcə İranla münasibətləri qorumaqdan ibarət deyil; eyni zamanda ABŞ-la formalaşan yeni iqtisadi münasibətlərin yaratdığı öhdəlikləri də nəzərə almaqdır.
Nəticədə Ermənistan müəyyən müddət ərzində hər iki tərəflə iqtisadi əlaqələri paralel saxlamağa çalışa bilər. Amma ABŞ sanksiyalarının İranın maliyyə, enerji, nəqliyyat və sənaye sektorlarından daha çox xarici tərəfdaşlara və vasitəçilərə şamil edilməsi halında İrəvanın manevr imkanları daralacaq. Bu halda Ermənistanın qarşısında seçim daha çox "İranla ticarət, yoxsa ABŞ" formasında deyil, hansı İran əməliyyatlarının riskə dəyəcəyini müəyyənləşdirmək məsələsi kimi ortaya çıxacaq. Məsələn, hazırda aktual olan İranla hava əlaqələrinin məhdudlaşdırılması istiqamətində addımlardır. İranla əlaqələri davam etdirən ölkələrə qarşı da sanksiya tətbiq olunacağı məsələsi ortaya çıxıb. Buna görə bir sıra ölkələr İranla əlaqələrini məhdudlaşdırmağa çalışırlar. Hesab edirəm ki, İrəvan da bu məsələdə istisna olmayacaq və sanksiyalara qoşulmaq məcburiyyətində qala bilər".
Zeynəb Mustafazadə