Milyardlıq fond Azərbaycanın investisiya imicinə necə təsir edəcək? – ŞƏRH – ÖZƏL

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çinin "Silk Road Fund" (İpək Yolu Fondu) arasında Birgə İnvestisiya Fondunun yaradılması elan olunub. Ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) olan fond Azərbaycanda və "Bir Kəmər, Bir Yol" təşəbbüsünə daxil olan digər ölkələrdə sənaye, enerji və maliyyə kimi prioritet sahələrə uzunmüddətli kapital cəlb edəcək. Bu təşəbbüs tərəflər arasında 2025-ci ilin aprelində imzalanmış Çərçivə Sazişinə və qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşdirilməsi planlarına dayanır.

Bu fond Azərbaycan iqtisadiyyatına hansı əsas dividentləri gətirəcək? Layihə Azərbaycanın "Bir Kəmər, Bir Yol" təşəbbüsündəki mövqeyini necə dəyişəcək?

"Çinin İpək Yolu Fondu, sözün həqiqi mənasında çox böyük imkanlara malik fonddur. Həm maliyyə baxımından, həm dövlət tərəfindən dəstəklənməsi, həm də qlobal səviyyədə tanınması baxımından kifayət qədər böyük imkanlara malikdir. Buna görə də düşünürəm ki, bu tip fondun Azərbaycan şirkəti ilə istənilən sənədi imzalaması Azərbaycan üçün və əlaqəli şirkətin özü üçün müsbət haldır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, bu, bir tərəfdən imic məsələsinə müsbət təsir göstərir, digər tərəfdən isə digər qlobal fondların etimadını qazanmağa kömək edir. Çünki Çinin sözügedən İpək Yolu Fondunun imzaladığı sənədlər hansı ölkə ilə imzalanırsa, həmin ölkəyə olan etimadın yüksəlməsinə öz töhfəsini verir. Bir mənada belə düşünürəm ki, ilk növbədə digər maliyyə təsisatlarının, ayrı-ayrı özəl strukturların da bu istiqamətdə aktivliyinin artması ehtimalı yüksəlir. Biz yüzlərlə bu istiqamətdə müəyyən aktivliyin şahidi oluruq. Digər tərəfdən isə, təbii ki, yatırılan investisiya ümumiyyətlə istənilən ölkə iqtisadiyyatının inkişafı üçün son dərəcə önəmlidir. İnvestisiya cəlbediciliyinin, yəni investisiya həcminin artması çox vacibdir. Bu, ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılmasına da xidmət edəcək, eyni zamanda ölkədə makroiqtisadi göstəricilərin artırılması üçün bir fürsət olacaq. Yəni bir mənada bunun iqtisadiyyatın bir çox istiqamətlərinə öz töhfəsi olacaqdır. İstənilən investisiya özü ilə yeni texnologiyalar, yeni imkanlar gətirir, məhsullara töhfə verir, idxal məhsullarına töhfə verir, eyni zamanda sosial həyata da təsir göstərir. Yəni investisiyanın töhfə vermədiyi çox az iqtisadi istiqamət var.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31