Hörmüzdə fikir ayrılığı: Avropa ABŞ-la açıq konfrontasiyadan yayınır - ÖZƏL

Avropa müttəfiqləri İranla davamlı atəşkəs əldə olunana qədər ABŞ-ın Hörmüz boğazında birgə patrul təşəbbüsünə qoşulmaq istəmirlər. Onlar Vaşinqtonun İrana qarşı əməliyyat barədə əvvəlcədən məlumat verməməsindən və özlərini tamhüquqlu tərəfdaş kimi görməməsindən narazıdırlar. Avropa ölkələrinin ABŞ-ın Hörmüz boğazındakı patrul təşəbbüsünə qoşulmaqdan imtina etməsi transatlantik münasibətlərdə hansı problemlərdən xəbər verir?
Bu fikir ayrılığı Hörmüz boğazının təhlükəsizliyinə və Yaxın Şərqdə qüvvələr balansına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Aydın məsələdir ki, burada bir neçə məqam var. Bunlardan biri həqiqətən də ABŞ-ın müttəfiqlərinə xəbər vermədən əməliyyata getməsi məsələsidir. Faktiki olaraq, NATO müttəfiqi kimi davranılmaması, ciddi əhəmiyyət verilməməsi, fikirlərinin dinlənilməməsi, mövqelərinin nəzərə alınmaması narahatlıq yaratmalı idi.
Xüsusilə,  Avropanın iqtisadi imkanlarına da təsir göstərdi. Xatırlayırsınızsa, Belçika əvvəllər deyirdilər ki, biz əvvəl kölə idik, amma xoşbəxt kölə idik. İndi isə bizim həm azadlığımız, həm də xoşbəxtliyimiz əlimizdən alınır. Bu da ABŞ ilə Avropa arasında çox ciddi çat yaradıb.
İkinci məsələ isə ondan ibarətdir ki, Avropa düşünür ki, bu yanaşma onları birbaşa qarşı tərəfin hədəfinə çevirə bilər. Yəni burada həm İran tərəfindən, həm Çin tərəfindən, həm də dolayısı ilə Rusiya tərəfindən düşmən kimi görünə bilərlər. Ona görə də bu şəkildə açıq konfrontasiyaya getmək istəmirlər və birbaşa münaqişənin tərəfi olmaq istəmirlər.
Bu iki məsələ düşünürəm ki, əsas səbəblərdəndir. Bundan başqa, hesab edirəm ki, bu ölkələr konfliktin sonunu gözləyirlər. Gözləyirlər ki, əgər ABŞ bu prosesdən daha güclü şəkildə çıxsa, sonradan ABŞ tərəfdə yer alacaqlar. Yox, əgər görsələr ki, ABŞ körfəzdə ciddi nəticə əldə edə bilmir, o zaman daha çox neytral qalmağa çalışacaqlar.
Bu, həm də onunla bağlıdır ki, ABŞ-ın planları tam aydın deyil və nəticəsinin necə olacağı hələ bəlli deyil.
Əlbəttə ki, Körfəz ölkələri də ABŞ və Avropanın xüsusi nəticə əldə edə bilmədiyini gördükləri üçün daha diqqətli və daha balanslı siyasət yürütməyə çalışırlar. Bu ölkələrin bəziləri İran, Rusiya və Çinlə münasibətlərini neytral saxlamağa çalışacaqlar ki, tək tərəfli şəkildə zərbə altında qalmasınlar".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31