Qərbdə strateji çat: Avropa ABŞ-ın hərbi kursundan uzaqlaşır- ÖZƏL

Avropa müttəfiqləri ABŞ-İran arasında davamlı atəşkəs əldə olunana qədər Vaşinqtonun Hörmüz boğazında birgə patrul təşəbbüsünə qoşulmaq istəmir. Buna səbəb ABŞ-ın İrana qarşı əməliyyat barədə əvvəlcədən məlumat verməməsi və Avropanın özünü bərabərhüquqlu tərəfdaş hesab etməməsidir.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Avropa ölkələri ABŞ-nin öz maraqlarına xidmət edən və qeyri-müəyyən addımlarla müşayiət olunan Yaxın Şərq siyasətində Vaşinqtonla hərbi baxımdan tam vahid mövqedən çıxış etmirlər. Onlar daha çox siyasi bəyanatlar verməyə və ümumi konsensus çərçivəsində hərəkət etməyə üstünlük verirlər.
ABŞ-nin Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar və zərbələrlə bağlı Avropadakı NATO müttəfiqləri ilə kifayət qədər məsləhətləşməməsi Avropa paytaxtlarında ciddi  narazılıq yaradır. Avropa ölkələri hesab edirlər ki, bu siyasətin təşəbbüskarı ABŞ-dirsə, məsuliyyət də əsasən Vaşinqtonun üzərində qalmalıdır.
Eyni zamanda, Avropa dövlətləri enerji tranzit marşrutlarında yaranan risklər və mövcud geosiyasi çətinliklər fonunda özlərini daha ağır öhdəliklərin altına salmaq niyyətində deyillər. Onların fikrincə, bu yanaşma bərabərhüquqlu tərəfdaşlıq prinsipinə uyğun deyil. Çünki qərarlar Vaşinqtonda qəbul olunur, lakin müttəfiqlərdən yalnız icraçı rolunu oynamaq gözlənilir. Avropa isə artıq daha müstəqil qərarlar qəbul etməyə və öz milli maraqlarına uyğun siyasət yürütməyə çalışır.
Yaxın Şərqdəki gərginlik, Hörmüz böhranı ilə bağlı məsələlərdə ABŞ daha çox hərbi çəkindirmə siyasətinə üstünlük versə də, Avropa ölkələri diplomatik həlli, ikitərəfli əməkdaşlığı, dialoqun bərpasını və atəşkəsin əldə olunmasını daha məqsədəuyğun yol hesab edirlər.
Artıq görünür ki, transatlantik blok daxilində strateji fikir ayrılıqları dərinləşir və ABŞ-nin qərarlarına qarşı müqavimət artır. Avropa ölkələri daha müstəqil xarici siyasət kursu formalaşdırmağa çalışırlar.
Bu fikir ayrılıqları vahid qərarların qəbulunu çətinləşdirir və xüsusilə strateji boğazlarda riskləri artırır. Nəticədə qlobal neft və qaz daşımalarında ləngimələr yaranır, enerji qiymətlərində isə müəyyən yüksəliş baş verir.
Qərb müttəfiqləri arasında müşahidə olunan bu fikir ayrılığı Tehranın xeyrinə işləyir. İran yaranmış vəziyyətdən istifadə edərək həm diplomatik, həm də hərbi manevr imkanlarını genişləndirə bilir. Bu isə ABŞ-ın üzərinə əlavə maliyyə, hərbi və logistika yükü qoyur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31