Yenilənən diplomatiya: Türkiyədəki kadr dəyişiklikləri münasibətlərə nə vəd edir? – ÖZƏL
16:42 SiyasətPrezident İlham Əliyevin Türkiyədəki diplomatik nümayəndəliklərdə həyata keçirdiyi son kadr dəyişiklikləri Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakteri fonunda diqqət çəkir. Ekspertlər bu təyinatları diplomatik korpusun yeni çağırışlara uyğun gücləndirilməsi və iki ölkə arasında siyasi, iqtisadi, hərbi və nəqliyyat sahələrində dərinləşən əməkdaşlığın daha səmərəli koordinasiyasına xidmət edən planlı rotasiya kimi qiymətləndirirlər.
"Son həftələrdə İlham Əliyev Türkiyədəki diplomatik korpusda bir sıra sərəncamlar imzalayıb. Məsələn, Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb və Özbəkistana səfir təyin edilib. Həmçinin Rəşad Aslanov Azərbaycanın Türkiyədə yeni səfiri təyin olunub, Nərminə Mustafayeva İstanbuldakı baş konsul vəzifəsindən azad edilib, onun yerinə Qarsdakı baş konsul Zamin Əliyev keçirilib. Qarsa isə Qoşqar Zeynalov təyin edilib. Bu, 27 iyul 2026 tarixli rəsmi sərəncamlarla da təsdiqlənib. Bu proseslərin nəyi göstərdiyinə diqqət etsək deyə bilərik ki, beynəlxalq praktikada səfir və baş konsulların müəyyən müddətdən sonra dəyişdirilməsi normal idarəetmə mexanizmi hesab olunur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib: "Yəni bunu iki şəkildə oxumaq mümkündür. 1-cisi Rutin rotasiya, yəni səfirlərin adətən 3-5 il xidmətdən sonra dəyişdirilməsi diplomatik təcrübədə normaldır. 2-cisi isə Azərbaycan-Türkiyə əlaqələrinin (hərbi, enerji, nəqliyyat, Zəngəzur dəhlizi, TRACECA, TANAP kimi layihələr daxil olmaqla) intensivliyi nəzərə alınanda, yeni kadrların bu sahələrə uyğun təcrübəyə malik olması əməkdaşlığın operativ koordinasiyasını gücləndirə bilər".
Ekspert bildirib ki, töhfə baxımından isə yeni təyinatlar, əgər namizədlərin arxa planı (iqtisadi, hərbi, ya nəqliyyat təcrübəsi) buna uyğundursa, ikitərəfli gündəlikdəki konkret layihələrin (məsələn, nəqliyyat dəhlizləri, enerji layihələri) icrasında əlaqələndirməni sürətləndirə bilər.
Səidə Ramazanova